Elşad Eyvazlı uğurundan DANIŞDI: “Harada olsaq da, ilk növbədə Azərbaycanı təmsil edirik”backend

Elşad Eyvazlı uğurundan DANIŞDI: "Harada olsaq da, ilk növbədə Azərbaycanı təmsil edirik"

Azərbaycan mediasının beynəlxalq informasiya məkanında təmsilçiliyinin güclənməsi, yerli jurnalistlərin nüfuzlu beynəlxalq media qurumlarında rəhbər vəzifələrə irəli çəkilməsi ölkənin media potensialının və peşəkar jurnalistikasının inkişafının mühüm göstəricilərindən hesab olunur. Son illər Azərbaycan mediası təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da fəallığını artırır, informasiya mübadiləsində daha aktiv rol oynayır və qlobal media təşkilatlarında söz sahibi olmağa başlayır. Bu baxımdan azərbaycanlı jurnalistin dünyanın müxtəlif ölkələrini bir araya gətirən nüfuzlu beynəlxalq jurnalist təşkilatında yüksək vəzifəyə yenidən seçilməsi həm fərdi etimadın, həm də Azərbaycan jurnalistikasına verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.

Məhz bu kontekstdə Qlobal Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) növbəti Baş Assambleyasında Xarici Media Məclisinin sədri vəzifəsinə yenidən jurnalist, Modern.az-ın rəhbəri Elşad Eyvazlının seçilməsi diqqət çəkən hadisələrdən biri olub. Bu qərar onun beynəlxalq media mühitində qazandığı etimadın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan mediasının qlobal jurnalistika platformalarında nüfuzunun daha da möhkəmlənməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilir.

Bəs bu etimad Elşad Eyvazlının şəxsi fəaliyyətinə, rəhbərlik etdiyi media qurumuna və bütövlükdə Azərbaycan mediasının beynəlxalq əlaqələrinin genişlənməsinə hansı yeni imkanlar qazandıracaq?

KONKRET.az-ın suallarını cavablandıran Elşad Eyvazlı bildirib ki, bu seçkini şəxsi uğur kimi təqdim etmək istəmir:

“Düzünü desəm, bunu böyük hadisə kimi təqdim etmək istəmirəm. Çünki bundan əvvəl də eyni vəzifədə fəaliyyət göstərirdim. Sadəcə, növbəti seçkilər keçirildi və həmkarlarımız yenidən mənə etimad göstərdilər. Bu, daha çox məsuliyyətin artması deməkdir. Çünki belə bir vəzifə ilin böyük hissəsini müxtəlif ölkələrdə keçirməyi, görüşlərdə və konfranslarda iştirak etməyi, beynəlxalq media mühitində fəal olmağı tələb edir.”

Onun sözlərinə görə, Qlobal Jurnalistlər Şurası yarandığı gündən etibarən Azərbaycanın maraqlarına xüsusi diqqət yetirib:

“Amma bu təşkilat yarandan bu günə qədər hər zaman Azərbaycanın maraqlarına xidmət edib. Bunu bilənlər bilir. Əgər mənim də bu istiqamətdə müəyyən rolum olubsa, bu, mənim üçün həmin vəzifənin ən böyük əhəmiyyətidir. Çünki harada oluruqsa olaq, ilk növbədə Azərbaycanı təmsil edirik. Bu məsələdə əksər vaxt təşkilatın maraqlarını ölkəmizin maraqlarına qurban vermişəm. Sağ olsun, təşkilatımızın sədri Mehmet Ali Dim bu kimi məsələlərdə həmişə mənə dəstək verib.”

Eyvazlı beynəlxalq media təcrübəsinin öyrənilməsinin Azərbaycan mediasının inkişafında mühüm rol oynadığını vurğulayıb:

“Digər vacib məqam isə xarici media təcrübəsinin öyrənilməsidir. Müxtəlif ölkələrin media sistemi, iş prinsipi, yeni texnologiyaları və yanaşmaları ilə tanış olmaq çox böyük üstünlükdür. Biz də həmin təcrübəni Azərbaycana gətirməyə çalışırıq.”

O, qeyd edib ki, bu yanaşmanın nəticələri rəhbərlik etdiyi media layihələrində də özünü göstərir:

“Düşünürəm ki, Media Turk TV-nin əldə etdiyi nəticələr də bunun bariz nümunəsidir. Azərbaycanda YouTube platformaları arasında ən son yaranan media resurslarından biri olmasına baxmayaraq, bu gün həm izlənmə, həm də abunəçi sayına görə ön sıralardadır. Hətta özündən 10 il əvvəl yaradılmış platformaları ya geridə qoyub, ya da onlarla eyni səviyyəyə çatıb. Bu nəticələrin arxasında da məhz öyrəndiyimiz beynəlxalq təcrübə və yeni media yanaşmaları dayanır.”

Elşad Eyvazlı bildirib ki, hazırda Qlobal Jurnalistlər Şurasının dünyanın 82 ölkəsində nümayəndəliyi fəaliyyət göstərir və bu şəbəkənin daha da genişləndirilməsi planlaşdırılır:

“Bu gün Qlobal Jurnalistlər Şurasının 82 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Hədəfimiz ilin sonuna qədər bu rəqəmi 100 ölkəyə çatdırmaqdır. Belə geniş beynəlxalq şəbəkənin tərkibində olmaq həm əlaqələrin genişlənməsi, həm də informasiya mübadiləsi baxımından çox böyük imkanlar yaradır.Türkiyənin bütün il və ilçələrində də təmsilçiliyimiz var. Yəni dünyanın 82 ölkəsində, Türkiyənin bütün il və ilçələrində təmsil olunmaq sənə çox böyük imkanlar açır.”

Sonda jurnalist bu seçilməni bütövlükdə Azərbaycan mediasının uğuru kimi qiymətləndirib və əsas məqsədlərindən birinin gənc jurnalistlərin beynəlxalq təcrübə qazanmasına dəstək vermək olduğunu bildirib:

“Mən ümumiyyətlə özüm və gördüyüm iş haqqında danışmağı sevən adam deyiləm. Amma hesab edirəm ki, bir azərbaycanlı jurnalistin belə böyük beynəlxalq jurnalist təşkilatında Xarici Media Məclisinin sədri seçilməsi bütövlükdə Azərbaycan jurnalistikasının uğurudur. Ən böyük arzum isə odur ki, gələcəkdə daha çox gənc jurnalistimizi xarici ölkələrə göndərək, onların təcrübə qazanmasına şərait yaradaq. Çünki bizim çox istedadlı gənclərimiz var. Onlar düzgün istiqamətləndirilsə, inanıram ki, yaxın illərdə Azərbaycan mediası dünya mediasında daha güclü söz sahibi olacaq.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*