Sadıqov Faiq Nurəhməd oğlu. 1956-cı avqustun 19-da Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. 1963-73 illərdə Ləki qəsəbə 6 saylı orta məktəbdə, 1973-1978-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 1978-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Yevlax Radio Verilişləri Redaksiyasında redaktor kimi əmək fəaliyyətinə başlayıb. 1991-94-ci illərdə “Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə cəbhə müxbiri işləyib.
Birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrindən hazırladığı xəbərlər və digər janrlarda hazırladığı materiallar “Ədalət” qəzetində və digər nəşrlərdə davamlı olaraq dərc edilib. Birinci Qarabağ müharibəsindən bəhs edən “Qarabağan xəbər var..” kitabının müəllifidir. Həmin dövrdə “Ədalət” qəzetinin Baş redaktotru olmuş, yazıçı-jurnalist, millət vəkili Aqil Abbas, Faiq Sadıqovu “canından keçməyi bacara bilən” junalist kimi səciyyələndirmiş və və onun yazılarında “1990-1994-cü illərin döyüş xəritəsini görməyin mümkünlüyünü”qeyd etmişdi. Bu xəritə Qarabağ müharibəsinin ümumi mənzərəsini, döyüşlərin getdiyi illərin reallıqlarını bu gün də göz önünə gətirir…
F.Sadıqov 1996-cı ildə yenidən dövlət televiziyasına qayıdıb. Televiziyanın İnformasiya proqramları studiyasında ən mühüm ictimai-siyasi hadisələr, o cümlədən dövlət başçısının müxtəlif tədbirləri, səfərləri və görüşləri barədə video-materialların efirə hazırlanmasında redaktor kimi fəaliyyət göstərib. Televiziyanın xüsusi müxbiri kimi Prezidentlər Heydər Əliyevi və İlham Əliyevi Türkiyə, Fransa, Böyük Britaniya, Çin, Rusiya, Bolqarıstan, Latviya, Sloveniya, Xorvatiya,Ukrayna, və digər ölkələrə səfərlərində müşaiyət edib.
Jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəsliyyəti ona müxtəlif dövrlərdə “Dan ulduzu”, “Zərdabi” və “Qızıl Qələm” ədəbi mükafatlarını və “Azərbaycan Milli Mətbuatının 150 İlliyi” yubiley medalını qazandırıb.
Möhtərəm Prezident İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Hal-hazırda təqaüddə ola həmkarımızı yubiley münasibətilə təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq!
