Ərdoğandan Şuşada bu şəxslərə xüsusi çağırış: Azərbaycan mesajı verildibackend

Ərdoğandan Şuşada bu şəxslərə xüsusi çağırış: Azərbaycan mesajı verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında iki ölkə arasındakı münasibətlərin tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatdığını vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki,”Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahımıza işıq tutan sönməz bir məşəldir.

“15 iyun 2021-ci il tarixində Şuşada imzaladığımız bəyannamə ilə müttəfiqlik bağını möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da məqsədlərinə əsla çata bilməyəcəklər. Uca Allahın izni ilə birliyimiz hər zaman davam edəcək”, – Ərdoğan bildirib.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Ülviyyə Zülfiqar deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin noyabrın 8-də Şuşada keçirilən görüşü və mətbuata verdikləri birgə bəyanatlar iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlikdən daha geniş məna daşıdığını bir daha nümayiş etdirdi:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Şuşaya səfəri həm tarixi ədalətin bərpasına verilən siyasi və mənəvi dəstəyin, həm də iki dövlətin ortaq strateji maraqlarının ifadəsidir. Bu baxımdan, liderlərin səsləndirdikləri fikirlər yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara verilən mühüm mesaj kimi qiymətləndirilməlidir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə qardaşlığını zəiflətmək istəyən qüvvələrin heç vaxt məqsədlərinə nail ola bilməyəcəkləri barədə bəyanatı xüsusi siyasi əhəmiyyət daşıyır. Bu mövqe göstərir ki, iki ölkənin müttəfiqliyi hansısa üçüncü tərəfin maraqlarından və ya dəyişən beynəlxalq konyunkturadan asılı deyil. Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə regionda yeni reallıqlar yaradıb. Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmiş müttəfiqlik münasibətləri hər iki dövlətin suverenliyinin, təhlükəsizliyinin və milli maraqlarının qorunması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu birliyi zəiflətməyə yönəlmiş istənilən cəhdin perspektivsiz olması da məhz həmin münasibətlərin möhkəm siyasi və tarixi təməllərə söykənməsi ilə bağlıdır.Ülviyyə Zülfiqar

Digər mühüm məqam isə Azərbaycan və Türkiyənin regionun gələcəyi ilə bağlı ortaq baxış nümayiş etdirməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfər Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Türkiyə Prezidentinin Azərbaycanın sülh təşəbbüslərini açıq şəkildə dəstəkləməsi bir daha təsdiqləyir ki, hər iki dövlət qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə əsaslanan münasibətlərin tərəfdarıdır. Eyni zamanda, nəqliyyat-kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin reallaşdırılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi regionun gələcək inkişafı baxımından mühüm perspektivlər vəd edir. Şuşadan verilən əsas mesaj isə aydındır – Azərbaycan-Türkiyə müttəfiqliyi sarsılmazdır və regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynamağa davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*