ABŞ-ın Yuta ştatında 17 yaşlı Kayli Arellano təxminən 500 gün ərzində zorla saxlanıldığı evdən qeyri-adi üsulla xilas ola bilib. Yeniyetmə qızın azadlığına qovuşmasına həyatında heç vaxt görmədiyi bir onlayn oyun iştirakçısı kömək edib.
Məlumata görə, Kayli hələ 15 yaşında olarkən itkin düşüb. İddialara əsasən, 39 yaşlı Adam Hanter Harmel tərəfindən qaçırılan qız Oreqon ştatındakı evlərdən birinin zirzəmisində əsir saxlanılıb.
Onu girov saxlayan şəxsin verdiyi mobil telefonda SİM-kart və mobil rabitə bağlantısı olmayıb. Lakin Kayli telefonun Wi-Fi vasitəsilə internetə qoşula bildiyini anlayaraq bundan xilas olmaq üçün istifadə etmək qərarına gəlib.
Beləliklə, yeniyetmə populyar onlayn oyunlardan biri olan Among Us platformasına daxil olub. Burada tanış olduğu oyun iştirakçısı ilə ünsiyyət qurmağa başlayıb. Bir müddət sonra başına gələnləri ona danışaraq kömək istəyib.
Gənc qızın müraciətini ciddi qəbul edən oyunçunun anası dərhal Federal Təhqiqatlar Bürosuna (FBI) məlumat verib. Bundan sonra hüquq-mühafizə orqanları əməliyyata başlayaraq Kaylinin saxlanıldığı evi müəyyənləşdiriblər. Həmin gün keçirilən əməliyyat nəticəsində yeniyetmə qız əsirlikdən azad edilib.
Təxminən 500 gün davam edən əsarətə son qoyulub. Kayli xilas edilərkən, onu qaçırmaqda şübhəli bilinən şəxs də saxlanılıb.
Bu hadisədə diqqət çəkən məqam gənc qızın çətin vəziyyətdə belə soyuqqanlılığını qoruyaraq çıxış yolu tapmasıdır. Onun xilası üçün nə xüsusi texnika, nə də mürəkkəb rabitə sistemi lazım olub. Sadəcə internetə qoşulan bir telefon, onlayn oyun və heç vaxt üzünü görmədiyi bir insanın kömək çağırışına biganə qalmaması kifayət edib.
Bəzən insan həyatını xilas edən ən böyük vasitə texnologiyanın özü deyil, həmin texnologiyanın arxasında dayanan insanın vicdanı və mərhəməti olur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
