Kanada hökuməti Rusiyanın müdafiə sənayesini, ballistik raket texnologiyalarının inkişafını və kiberəməliyyatlarını hədəf alan yeni sanksiyalar paketini qəbul edib.
KONKRET.az xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Anita Anand Parisdə keçirilən G7 Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində bu barədə ətraflı məlumat paylaşıb.
Yeni məhdudiyyətlər siyahısına ümumilikdə 38 qurum və 24 fiziki şəxs daxil edilib.
Qeyd olunub ki, sanksiya siyahısındakı subyektlər Rusiyanın hərbi imkanlarının gücləndirilməsində, ballistik raketlərin hazırlanmasında və kiberfəaliyyətlərdə birbaşa rolu olan aktorlardır. Yeni məhdudiyyətlər həmçinin maliyyə sektorunu, o cümlədən kriptovalyuta birjalarını əhatə edərək Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağı və iqtisadi xərcləri artırmağı hədəfləyir.
Anita Anand qeyd edib ki, tətbiq edilən tədbirlər Rusiya Prezidenti Vladimir Putinin Ukrayna şəhərlərini raketlərlə hədəf almaq qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Ukraynaya qətiyyətli dəstəyin davam edəcəyini vurğulayan nazir Rusiyanın hərbi təcavüzünə son qoyulana və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər sanksiya təzyiqlərinin artırılaraq davam etdiriləcəyini bəyan edib.\\“Qafqazinfo”
