Erməni deputat birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal etdiklərini etiraf edib.
KONKRET.az-ın məlumata görə, bu barədə Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan parlamentin bugünkü brifinqində deyib.
O etiraf edib ki, ölkə 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlayıb və işğal olunmuş ərazilərin imtiyazlarından yararlanıb.
Deputat bildirib ki, Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi (yolun Qubadlı rayonundan keçən hissəsi nəzərdə tutulur – red.) Ermənistanın sərhədləri daxilində deyil.
Erməni tərəfinin 30 ildir yolu niyə işlətdiyini soruşduqda deputat cavab verib ki, bu, birinci Qarabağ müharibəsindəki qələbə (işğal – red.) sayəsində təmin olunub.
Qeyd edək ki, Aleksanyanın qeyd etdiyi qanun 2010-cu ildə qəbul edilməyib. Sənəd 1995-ci ildə təsdiq edilib və 2010-cu ildə ona əlavə dəyişikliklər edilib.
Gorus-Qafan yolunun bir hissəsi 2020-ci ilin dekabrında Ermənistan hakimiyyəti Zəngəzurdan qoşunların çıxarılması barədə əmr verdikdən sonra Azərbaycanın nəzarətinə keçib.
Baş nazir Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2022-ci il oktyabrın 6-da keçirilən görüşünün yekunları üzrə bəyanat qəbul edilib. Ermənistan və Azərbaycan hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
