Erməni əsgər: “Əlil olan hərbçiyə deyirlər ki, sən vuruşmamısan” –  FOTObackend

Erməni əsgər: "Əlil olan hərbçiyə deyirlər ki, sən vuruşmamısan” – FOTO

Qarabağ döyüşlərində Azərbaycana qarşı vuruşan Tiqran Danielyan bir sıra tükürpədici məqamlardan və erməni hərbçilərinə göstərilən laqeydlikdən danışıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, ötən ilin oktyabrın 21-də könüllü olaraq döyüşlərə qatılan erməni terrorçu başlarına gələn sərgüzəştlərdən danışıb.

23 yaşlı Tiqran Danielyan bildirib ki, evinə rəsmi bir bildiriş göndərildikdən sonra topçu diviziyasının 65 hərbçisi və 6 topu ilə cənub istiqamətindəki əsas döyüşlərdə iştirak edib: “Azərbaycanlılar PUA və dronlarla bütün toplarımızı darmadağın etdi. Topçularımızdan çoxu öldü, 9-u isə ağır yaralandı. Biz bu dəhşətdən sonra alay komandirinin personalla iş üzrə müavini ilə görüşdük, əslində döyüşlərdə iştirak edə bilməyəcəyimizi söylədik, çünki texnika zədələnmiş, komandir yaralanmış və müavini öldürülmüşdü. Bizi kəndə gətirdilər, orada düşmən tərəfindən məhv edilmiş digər əsgərlərin cəsədləri var idi. Yaralılar arasında müharibə nəticəsində çətin bir psixoloji vəziyyətə düşənlər var idi”.

Başına gələnləri izah etməyə davam edən könüllü bildirir ki, bir neçə gün maddi-texniki əməliyyatlara qatılıb. Sonra məzuniyyət alaraq evinə dönüb. Artıq Ermənistanda “Art of Survival” qeyri-hökumət təşkilatının piyada döyüşçülərinin hazırlandığı təlimlərində iştirak etməyə başlayıb.

“2016-cı il aprel döyüşləri və xidmət illərində mən topçu idim. Bu müharibədə də topçu oldum, piyada kimi döyüşlərə qatılmaq barədə ümumiyyətlə heç bir fikrim yox idi. Silahı necə tutacağımı, ilk yardım qaydalarını belə bilmirdim. Müharibə dövründə dostum Aramın mənim qucağımda can verməsi və ona necə ilkin tibbi yardım göstərəcəyimi bilmədiyim üçün özümü qınayırdım. O anları indi də xatırlayıram. Dostumun kəllə sümükləri dağılmışdı, cəsədi hansı tərəfə çevirəcəyimi bilmirdim. Komandirdən soruşsam o da yaralandı… ”, – deyə Tiqran həmin dəhşətli anlardan danışır.

Könüllü bildirir ki, Batareya komandirini Ermənistana çağırıb ona yenidən hazırlıq keçmək üçün bir fürsət olduğunu demişdilər. O, piyada döyüş sənətinə yiyələnmək və müharibəni artilleriyada deyil, piyadalarda davam etdirməyi fikirləşsə də, burada da ciddi problemlər ortaya çıxıb. Tiqran deyir ki, artıq silahlar çatışmırdı. Döyüşlərə qatılmağın heç bir mənası qalmamışdı.

Onun sözlərinə görə, döyüş əməliyyatlarında iştirak etdikləri üçün onlara pul verilməli olduğunu biləndə silahdaşları ilə birlikdə pasport məlumatlarını hərbi hissəyə göndəriblər.

“Gecikmə ilə, yanvar ayının ortalarında bizə pul köçürüldü və mənə müəyyən olunmuş məbləğin yarısının hesabıma köçürüldüyünü biləndə təəccübləndim. Maliyyəçi ilə telefonla əlaqə saxladım. O dedi ki, döyüşlərdən başqalarından daha tez ayrılmışam.

Bu, əsl özbaşınalıqdır. 12 oktyabrda yaralanan və ikinci qrup əlil olan Davoya deyirlər ki, sən müharibədə olmamısan. Başqa bir hərbçi xəstəxanadan cəmi bir gün əvvəl çıxıb pul almağa çalışsa da, hesabında yox idi.

“Sənədin qanuni tərəfi ilə razılaşa bilərəm, amma insan nöqteyi-nəzərindən belə bir münasibəti başa düşə bilmirəm və bu qərardan məhkəməyə şikayət verəcəyəm. Bu münasibət məni incidir. Müharibədən qaçmaq istəsəydim, könüllü olmazdım. Söhbət puldan getmir, sadəcə dövlətin bizə təhqiramiz münasibətindən gedir. Yaralı dostumuzla bağlı şikayət edəcəyik. Bütün fotoşəkillər onun bizimlə olduğunu göstərir. Ancaq onlar dostumun orada olmadığını söyləyirlər. Buradakı problem ədaləti bərpa etməkdir. Hər şeyi etdim, fədakarcasına vuruşdum, yenidən hazırlaşmağa getdim. Axırı da belə oldu”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*