“Ermənilər bu minaları həmin yollarda son günlərdə basdırıb” – AÇIQLAMAbackend

"Ermənilər bu minaları həmin yollarda son günlərdə basdırıb" - AÇIQLAMA

“Böyük ehtimalla bu minalar düşmən tərəfindən son günlərdə həmin yollarda basdırılıb. Birinci Qarabağ müharibəsi zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz də olurdu”.

Bunu KONKRET.az-a bu gün Kəlbəcərdə minaya düşən vətəndaşlarımızla bağlı danışarkən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirdi ki, jurnalistləri müşayət edən nümayəndələrin minaların təmizlənmədiyi və ya yoxlanılmayan yoldan istifadə etməsi mümkün deyil. Ermənilər bu minaları həmin yollara son günlərdə basdırıblar:

“Növbəti dəfə mülki vətəndaşlarımız işğalçı Ermənistanın ərazimizdə yerləşdirdiyi minanın qurbanına çevrildilər. Jurnalistləri müşayiət edən nümayəndələrin onları daşıyan avtomobili əvvəllər istifadə olunmayan, minaların təmizlənmədiyi və ya yoxlanılmayan yoldan istifadə etməsi mümkün deyil. Bir neçə dəfə bu səfərlərdə iştirak edən birisi kimi, tam əminliklə bunu iddia edirəm. “Böyük ehtimalla bu minalar düşmən tərəfindən son günlərdə həmin yollarda basdırılıb. Birinci Qarabağ müharibəsi zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz də olurdu.Ermənistanın son zamanlar törətdiyi təxribatları ardıcıllıqla nəzərdən keçirsək görərik ki, düşmən diversiya qruplarının fəaliyyətində daha çox minalar ilə intensiv istifadə olunan yolların istismarına imkan verməməyə və bununlada Qarabağa qayıdış prosesini ləngitməyə çalışır”.

Həmsöhbətimiz qətiyyətlə vurğuladı ki, təxribatların qarşısını almaq üçün mütləq addımlar atılmalı və terrorçular həmin an zərərsizləşdirilməlidir:

“Baş verən hadisələr bir daha sübut edir ki, təslim olan və 7 aydır ki, minalanmış ərazilərin xəritəsini verməyən Ermənistan öz mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil. Odur ki, aidiyyəti qurumlar düşmən təxribatlarının qarşısını almaq üçün zəruri addımlar atmalı, bu diversiya fəaliyyətlərinə cəhd edən qrupları yerindəcə zərərsizləşdirməlidir. Baş verən bu və əvvəlki hadisələr Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin aşkar sübutudur.Peşəkar fəaliyyətlərini həyata keçirən jurnalistlərimizin Kəlbəcər ərazisində minaya düşməsi, hamı kimi məni də dərindən kədərləndirdi. Allah rəhmət eləsin!”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*