“Ermənilər minanı toxum kimi səpiblər” – Minaya düşən 28 yaşlı gəncin acı həyat HEKAYƏSİ – FOTOLARbackend

“Ermənilər minanı toxum kimi səpiblər” – Minaya düşən 28 yaşlı gəncin acı həyat HEKAYƏSİ - FOTOLAR

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı və torpaqlarımız işğaldan azad edildi. Bu gün artıq dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün bütün lazımi addımlar atılır.  Bunun üçün bir az zaman və bir müddət də səbir etmək lazımdır. Ancaq təəssüflər olsun ki, 30 il torpaq həsrətinə dözüb yaşayan insanlar bir az səbir etmək istəmirlər. Əksinə, özlərinin və yaxınlarının həyatlarını təhlükəyə ataraq, işğaldan azad edilən ərazilərə qanunsuz səfərlər edirlər. Nəticə isə göz qabağındadır. Vətən müharibəsi bitsə də, minaya düşərək şikəst olan və ya həyatını itirənlərin sayı kifayət qədərdir. Bu isə insanların məsuliyyətsiz davranışları və qanunun tələblərinə məhəl qoymamaları səbəbindən baş verir.

Beyləqanın Şahsevən kənd sakini, 28 yaşlı Azad Muxtarov da minaya düşərək yaralanan və həyatı alt-üst olan insanlardan biridir.

KONKRET.az-a özəl açıqlamasında Muxtarov Azad Aydın oğlu minaya necə düşməsindən və bundan sonra həyatında baş verən çətinliklərdən danışıb. O, 2021-ci il fevralın 2-də öz yoldaşları İmanov Bəhruz Telman oğlu və Məmişov Rafiz Məhəddin oğlu ilə birlikdə işğaldan azad edilən Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndinə yollandıqlarını deyib: “Qızğın döyüşlərin getdiyi vaxtlarda orduya müxtəlif köməkliklər etmişəm. Müharibə bitdikdən sonra işğaldan azad edilən torpaqları görmək üçün həmin ərazilərə getdik. Füzulinin Yuxarı Yağlıvənd kəndində də minaya düşdük. Axşam saatları olardı. Avtomobillə hərəkət edirdik. Hər şey anidən oldu və biz minaya düşdük. Sonra nə baş verdiyini xatırlamıram. Xəstəxanada gözlərimi açanda İmanov Bəhruzun həyatını itirdiyini öyrəndim. Digər yoldaşım Rafiz Məmişovun isə yaralı olduğunu dedilər”.

Azad Muxtarov deyir ki, gözlərinə qəlpə girib. Hazırda bir gözü cəmi 1 faiz, digəri isə 30 faiz görür: “Bundan başqa minaya düşdüyüm zaman  kəllə-beyin travması almışam, o cümlədən bədənimin müxtəlif nahiyələrindən yaralanmışam. Mənimlə birgə olan yoldaşım Rafiz Məmişov da iki ayağından ağır yaralanıb və kəllə-beyin travması alıb. Əvvəl taksi fəaliyyəti ilə məşğul olurdum və ailəmi dolandırırdım. İndi isə vəziyyətimlə əlaqədər işləyə bilmirəm və çətinlik çəkirəm. Üstəlik, mənə əlillik dərəcəsi təyin edilməyib və heç bir təqaüd almıram”.

Azad Muxtarov işğaldan azad edilən torpaqlara getmək istəyənlərə də səslənib: “Ora getmək istəyən insanlar  tələsməsinlər, həyatlarını təhlükəyə atmasınlar. Həmin ərazilərdə evlər dağılmış vəziyyətdədir və  mənfur düşmən daşı daş üstə qoymayıb. Ermənilər minanı toxum kimi səpiblər. Qarşıdan da yay gəlir, təbiət oyanır və hər tərəfi ot basır.  Minaların üzərini də ot örtüb və görünməz edib. Bu isə daha böyük təhlükə yaradır. 30 il səbir etmişik, bir neçə müddət də dözməliyik və həyatımızı təhlükəyə atmamalıyıq. Tövsiyəm odur ki, həmin ərazilərə getmək istəyən insanlar həyatlarını təhlükəyə atmasınlar, ailələrini və övladlarını düşünsünlər”.

Müsahibim onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsində daima əsgərlərimizin yanında olsa da, təhlükə onu yalnız döyüşlər bitdikdən sonra yaxalayıb: “İnsanlar yaxınlarının məzarını ziyarət etmək, ata-baba yurdlarını görmək üçün can atırlar. Lakin həyatlarını təhlükə altında qoymamalıdırlar. 30 il səbir ediblərsə, bir-iki il də dözməlidirlər. Dövlət insanlara  bu cür qayğı göstərir. Biz də öz dövlətimizi peşman etməməliyik, ermənilərin minaya düşərək həlak olan insanlarımıza baxıb sevinmələrinə şərait yaratmamalıyıq. Həm öz həyatımızı riskə atmayaq, həm də ailəmizi düşünək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*