Bir neçə gün öncə Avropa İttifaqı (Aİ) Şurası prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüş İrəvanda birmənalı qarşılanmayıb. Vəziyyətin onsuz da gərgin olduğu Ermənistanda aləm bir-birinə dəyib. Görüşün təfərrüatlarını şərh edən erməni analitiklər isə tamam fərqli fikir sərgiləyirlər.
“Armenianreport”un analitiklərinin sözlərinə görə, hökumət təyyarəsi İrəvana enən kimi müxalifət Paşinyana xüsusi qəzəblə hücum edib. Onu “Artsax” və Ermənistanı təslim etməkdə günahlandırıblar. Analitiklər hesab edirlər ki, indiki vəziyyət erməni dövlətinin xeyrinə deyil. Bəs Nikol Paşinyanın yerində başqası olsaydı, həmin şəxs vəziyyəti bizim xeyrimizə çevirə bilərdi?
Erməni analitiklərə görə, bu gün Avropa Rusiya ilə qarşıdurma şəraitində neft və qaz tədarükünü şaxələndirməyə ciddi ehtiyac duyur. Azərbaycan isə bu vəziyyətdə Avropa İttifaqı üçün son dərəcə vacibdir. Ermənistan hökuməti və cəmiyyətinin istəyindən asılı olmayaraq, bu, bir faktdır.

Ona görə də Avropa indi Azərbaycan tərəfi ilə fəal şəkildə dialoq aparır, Ermənistana isə kommunikasiyalar, sərhədlər və nəticədə yekun sülh müqaviləsi məsələsində təzyiq göstərir.
“Armenianreport”un analitikləri Ermənistanı sındıran bütün bu məsələlərə görə, onların dili ilə desək “lənətə gəlmiş Qərbi” günahlandırmağı doğru saymırlar. Çünki rəsmi Moskva da, eyni məcrada hərəkət edir. Əslində Moskvanın Qərbdən heç bir fərqi yoxdur. Lavrovun açıqlamalarına nəzər salmaq kifayətdir ki, rusların da Azərbaycan üçün canından keçməyə hazır olduğunu görək. Əks halda rəsmi Bakı “Artsax”a hücum riskini etməzdi. Kreml indiki geosiyasi vəziyyətdə son dərəcə vacib olan Bakı və Ankaranı sakitləşdirmək üçün Ermənistanın hesabına öz “sülh gündəmi”ni həyata keçirir.

“Əslində Qərb və Rusiya bizi vecinə almır. Onların hər biri öz maraqlarını həyata keçirməyə çalışır. Onların arasında “baş sülhməramlı” olmaq hüququ uğrunda rəqabət gedir, amma erməni xalqının maraqları kənara atılır. Paşinyan Brüsseldən qayıdan kimi narahat olan Moskva artıq zəng vurur və öz gündəliyini həyata keçirməyə çalışır. Rusiya və Qərb arasında gedən rəqabətin günahkarı Paşinyandır?” – deyə erməni analitiklər bildirirlər.
“Paşinyana qarşı çoxlu iradlar var. Amma baş verənlərə görə, təkcə o günahkar deyil. Axı Ermənistanı 20 ildən artıq Koçaryan və Sarkisyan rejimi idarə edib. Bu gün Avropa və Rusiyanın yarışmasına görə təkcə Paşinyan günahkar deyil. Hamımız günahkarıq. Biz öz günahımızı tam dərk edənə qədər, Ermənistan və “Artsax” qana boyanacaq. Biz isə göz yaşlarımızda boğularaq şikayət edəcəyik” – erməni analitiklərin məqaləsi bu fikirlərlə yekunlaşır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
