Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanın hərbi-siyasi hakimiyyətini dalana dirəyib. Məğlubiyyətini və xalqının boş yerə qırğına verdiyini etiraf etmək və kompromislərə hazır olduğunu söyləmək əvəzinə Nikol Paşinyan hər gün sərsəm bir ideya atır ortaya. Öz aləmində bununla da dünya ictimaiyyətinin Azərbaycana təzyiqinə nail olmaq istəyir.
Təbii ki, reallıqlara əsaslanmayan və daha çox şantaja söykənən bu iddialar son nəticədə Ermənistanın hərbi-siyasi hakimiyyətini beynəlxalq aləmdən bir qədər də təcrid edir. Amma Ermənistan hakimiyyəti yalandan, şantajdan yorulmur. Özü də bu şantajların sayı da, coğrafiyası da günbəgün genişlənir. Məsələn, əvvəllər Ermənistan təkcə Rusiyanı şantaj edirdi. Deyirdi ki, biz sizin maraqlarınıza görə Azərbaycanla düşmən olmuşuq. Ona görə də Moskva Qarabağa rus qoşunlarını yeritməli və Azərbaycan Ordusunun zəfər yürüşünü durdurmalıdır .Bu sərsəm ideya bir nəticə verməyəndə bu dəfə Paşinyan və ətrafı İranı qızışdırıb ortaya atmaq istədi. Əvvəlcə İran ərazisinə raket atdı və dedi ki, atan Azərbaycandır. Sonra qayıtdı ki, Azərbaycan Ordusu Şuşada İran məscidini (?) dağıdıb. Bu da işə yaramadı. Bu dəfə Avropanı şantaj etməyə başladılar. Dedilər ki, Qarabağda Azərbaycan tərəfdən terrorçular döyüşür. Qarabağda ermənilərin soyqrımını həyata keçirdikdən sonra bu terrorçular Avropaya keçəcəklər.Təbii ki, bu yalan da ayaq tutub yerimədi.
Qəribə burasıdır ki, bu qədər yalan-palan danışan erməni siyasətçiləri nədənsə özlərini hamıdan ağıllı bilirlər. Guya bunların gördüklərini dünya görmür. Guya tökülən bu qanlar ermənilərin sərsəm “dənizdən-dənizə” ideyası üçün deyil, dünyanı Azərbaycan terrorundan xilas etmək üçündür. Necə deyərlər, Ermənistan özünü Papadan daha çox katolik olduğunu sübut etməyə çalışır.
Təbii ki, artıq dövran dəyişib. Dünya ictimaiyyəti kimin kim olduğunu görmək məcburiyyətində qalıb. Doğrudur, dünya ictimaiyyəti hələlik şər qüvvələrə-Ermənistana qəti şəkildə “DUR” demir. Amma ən azından Azərbaycanın haqlı mübarizəsinə və Ermənistanın yalanlarına loyal münasibət göstərir.
Ancaq, nə olsun. Ermənistan yalanlardan, şantajlardan doymur, usanmır. İndi də növbəti şantaja əl atıb. Bu dəfə özünü tolerant ölkə donunda dünya ictimaiyyətinə təqdim etmək istəyir. Guya Ermənistan çixmillətli ölkədi. Burda onlarla xalqın nümayəndəsi yaşayır. Və bu günlər Ermənistanın üzləşdiyi haqsız durumdan narahat olub digər xalqların da nümayəndələri silaha sarılıb Qarabağda vuruşurlar. Və “nə yazıq” ki bu “vətənpərvərlər” Qarabağda azərbaycanlılar tərəfindən məhv edilir. Belə ki, aysor icmasına mənsub olan 4 əsgərin Qarabağda öldürülməsini Ermənistan guya “ümummilli matəm” kimi qeyd etdi. Ermənistanın sosial seqmentlərində son günlər bu hadisə eninə, uzununa təşviq edildi. Bundan əlavə ermənilər Qarabağda yezidi icmasının nümayəndələrinin vuruşmasını da fəxrlə təbliğ edirlər.
Bununla da dünya ictimaiyyətinə mesaj verirlər ki, görün haa, Qarabağda ölən təkcə ermənilər deyil.
Burda Məşədi İbadın məşhur ifadəsi yada düşür: “Heyvanına şükür..”
Nikol və ona züy tutanlar, bəyəm dünya ictiamiyyəti bilmir ki, müharibə Ermənistanın yox, Azərbaycanın ərazisində gedir. O ərazi ki, BMT başda olmaqla bütün dövlətlər onu Azərbaycanın ərazisi kimi qəbul edib. İndi həmin BMT, Avropa və lap elə Rusiya deməzmi ki, ay erməni, sənin və o etniklərin Azərbaycan torpaqlarında nə ölümün var? Axı, Qarabağ Azərbaycandır!!! Əlbəttə ki, deyəcək. Bir az gec, bir az tez. Hələlik söz Müzəffər Azərbaycan Ordusunundur.
Surxay Atakişiyev,
KONKRET.az
