backend

ERMƏNİSTAN ARTIQ TƏSLİM OLUR: Türkiyə və Rusiya sülhməramlıları bölgəyə gəlir - TƏHLİL

Azərbaycan və Ermənistan 1992-ci ildən bəri Ermənistanın işğal etdiyi mübahisəli Dağlıq Qarabağ ərazisi və ətraf bölgələrə dair hərtərəfli atəşkəs razılaşması imzalamağa yaxındırlar.

Bunu “Middle East Eye”-a (MEE) türk mənbələri bildiriblər.

Müqavilə Ermənistanın böyük ərazini geri verməsi öhdəliyi ilə, bölgədə Türkiyə və Rusiya sülhməramlı missiyasının yerləşdirilməsini nəzərdə tutur.

Bazar günü, noyabrın 8-də Azərbaycan Dağlıq Qarabağın ikinci ən böyük şəhəri olan Şuşanı ələ keçirdiyini açıqlayıb, lakin Ermənistan bu iddianı rədd edib.

Adı açıqlanmaması şərti ilə MEE-yə danışan mənbələr bildiriblər ki, Azərbaycan qüvvələrinin sahədə sürətli irəliləməsi Ermənistanı münaqişəni dayandırmaq üçün Türkiyənin dəstəklədiyi Rusiya vasitəçilik planını nəzərdən keçirməyə məcbur edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsi olan, lakin etnik ermənilərin məskunlaşdığı və onların nəzarətində olan anklavda sentyabrın 27-də başlayan döyüşlərdən bəri ən azı min, bəlkə də 5 minə qədər adam öldürülüb.

Mənbənin sözünə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin Şənbə günü, noyabrın 7-dəki telefon danışığında razılaşma layihəsinin komponentləri mövzusunda bir anlaşma əldə ediblər.

Təfərrüatlar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında sonrakı telefon danışığında müzakirə edilib.

2 dəhlizin yaradılması ehtimalı var

Razılaşma layihəsinə görə, hər iki tərəf atəşkəs şərtlərini qəbul etdikdən sonra dərhal Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun 5-dən geri çəkiləcək.

Atəşkəs şərtlərinə görə, İrəvan qalan 2 bölgədən 15 gün ərzində çıxacaq. Müqavilə layihəsi Bakının bu yaxınlarda ələ keçirdiyi əraziləri tərk etməsini tələb etmir, əksinə, indi qismən Bakının nəzarətində olan ərazidən Azərbaycanın Dağlıq Qarabağa hücumunu dayandıracaq.

Hər iki tərəf, ehtimal ki, 2 dəhlizin yaradılmasına razı olacaqlar.

Ermənistandan Dağlıq Qarabağa gedən bir yol əvvəllər də İrəvanın bölgəyə girişini təmin edib. Ermənistan bunun müqabilində Naxçıvanın Azərbaycan ərazisini Bakı ilə birləşdirəcək ikinci bir dəhlizin yaradılmasına icazə verəcək.

Bundan sonra Türkiyə və Rusiya sülhməramlı qüvvələri atəşkəsi dəstəkləmək üçün ərazidə yerləşdiriləcəklər.

“Azərbaycan hökuməti Xankəndi şəhərini sürətlə ələ keçirmək və mülki insan itkisinə səbəb olmaq istəmir, – deyə türk mənbələrindən biri bildirib. – Bu razılaşma Azərbaycanın ərazilərinə qanuni tələblərini yerinə yetirilməklə, mümkün humanitar böhranı dayandırır”.

Qarant kimi Türkiyə

Dağlıq Qarabağ 1990-cı illərdə Azərbaycandan qopub, nəticədə on minlərlə insanın həlak olması ilə nəticələnən uzunmüddətli, həll olunmamış münaqişə başlayıb.

Mübahisəli dağlıq ərazi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın geri çəkilməsini tələb edən 4 qətnaməsinə baxmayaraq, Ermənistan qüvvələri tərəfindən təxminən 30 ildir ki, işğalda saxlanılır.

Sentyabr ayından bəri 3 atəşkəs cəhdi uğursuz olub, hər iki tərəf də bir-birlərini onu pozmaqda günahlandırıb. Ancaq bu sövdələşmələrin heç birində Türkiyə birbaşa qarant kimi yer almayıb.

Dondurulmuş münaqişədəki oyun dəyişdiricisinin Türkiyənin yaydan bəri Azərbaycana birbaşa hərbi köməyi olduğu düşünülür.

Yaxın müttəfiqlər – Türkiyə və Azərbaycan illərdir birgə hərbi təlimlər keçirir, son dəfə avqust ayında türk zabitləri Suriya və Liviya münaqişələrində inkişaf etdirdiyi təcrübə və biliyi həmkarları ilə bölüşüblər.

Türkiyə, eyni zamanda, erməni cəbhəsini darmadağın edən silahlı pilotsuz təyyarələr satıb. Onun “F-16”-ları həqiqi döyüşlərdə istifadə edilməsə də, Azərbaycanda maneətörədici vasitə kimi yerləşdirilib.

Dünyanın başı ABŞ seçkilərinə qarışıb

İkinci türk mənbə bildirib ki, ABŞ-ın və dünyanın qalan hissəsinin ABŞ prezident seçkilərinə diqqət yetirdiyi bir vaxtda Ankaranın Dağlıq Qarabağ bölgəsində yol açma imkanı görünüb.

Ankaranın fikrincə, ruslar, əks tərəf kimi, Türkiyənin dəstəklədiyi hücuma göz yumublar – Ermənistanın Qərb tərəfindən dəstəklənən lideri Nikol Paşinyanı cəzalandırmaq üçün.

Mənbə deyib: “Ruslar yalnız suriyalı muzdluların döyüş sahəsindəki varlığından şikayətləniblər”.

“Lavrov ötən ay Moskvada türk nümayəndə heyəti ilə apardığı danışıqlar zamanı hətta Şuşanı ”Azərbaycan şəhəri” adlandırıb”.

Mənbələr Azərbaycanın atəşkəs elanından əvvəl həftəsonu daha çox ərazi almaq səylərinin artırdığını bildiriblər.

Raqib SOYLU

“Middle East Eye”, 08.11.2020

Tərcümə: “Strateq”indir

  • Vüqar
    Noyabr 9, 2020 - 02:10

    Ruslar erməniləri dəstəkləmədi mi ki? Silah sursat daşıdı bütün savaş boyu. Daha neyləməliydi ki? Niyə siz belə təəsurat yaratmak istəyirsiniz ki guya ruslar bizim tərəfdədir? Bu bir. İkincisi Azərbaycan suveren ərazisində sülhməramlıların yerləşdirilməsini haqqında Azərbaycan dövlətindən başqa heç kim qərar verə bilməz. Nə Rusiya nə Türkiyə nə Amerika nə də heç kim.

    • C
      Noyabr 11, 2020 - 01:04

      Nə oldu bəs?)

  • Bəxtiyar
    Noyabr 9, 2020 - 10:14

    Bu təmiz provakasion materialdır. Azərbaycan əsgərinin, öz qanı bahasına, Dağlıq Qarabağı tam azad etməsinə az qalıb. Rusiya ilə heç bir razılaşma ola bilməz. Rusiyanın şərəfsiz ermənilərə hər cəhətdən dəstək verməsi, Şəhidlərimizin artması ilə nəticələnib. Əgər Qardaş Türkiyə bizim yanımızda olmasını hiss etdirməsəydi, Rusiya özu , Gürcüstan və Ukraynada etdiyi kimi, Azərbaycandan ərazi qoparacaqdır. Solovyovlar, peqovlar, zatulinlər və digər belə şərəfsizlər üçün Azərbaycanda yer yoxdur. Allah bütün “yan”-lara bə onların müdafiəçilərinə bəla versin. Onlar nə qədər günahsız balalarımızın yetim qalmasının günahkarıdırlar.

  • C
    Noyabr 11, 2020 - 01:07

    Nə oldu bəs?) sizin bu dediklərinizi indi-11 noyabrda deyəni millət xain çıxardır,qələbəmizə kölgəsalan adı qoyur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*