Qarabağın Ermənistandakı nümayəndəliyində avqustun 18-də Qarabağdan olan vəzifəli şəxslərlə Ermənistan parlamentində təmsil olunan bütün fraksiyaların nümayəndələri arasında görüş keçirilməsi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, “Joqovurd” qəzeti mənbələrinə istinadən yazır ki, görüşün gündəliyinə Qarabağın “prezidenti” və “Milli Məclis” sədrinin seçilməsi məsələləri daxildir.
Nəşrin məlumatına görə, hazırda parlamentdəki deputatların heç biri “respublika rəhbəri” postunu tutmağa hazır deyil. Bunun əsas səbəbi kimi Ermənistan hakimiyyəti tərəfindən mümkün hüquqi və siyasi təqib riskləri göstərilir.
Bununla yanaşı, Qarabağın qondarma “dövlət naziri” Njde İskəndəryan və ictimai fəal Anastas İsraelyan “prezident” postuna maraq göstərirlər. Lakin hazırkı hüquqi normalar onların namizədliklərini müstəqil şəkildə irəli sürməsinə imkan vermir.
Maraqlıdır, Ermənistan hakimiyyətinin belə bir məsələnin müzakirəsinə şərait yaratması nəyə xidmət edir?
Azərbaycan və Ermənistanın artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşadığı, iki ölkə arasında sülh prosesinin davam etdiyi bir vaxtda Qarabağın separatçı strukturlarının rəhbərliyi ilə bağlı məsələlərin yenidən gündəmə gətirilməsi diqqət çəkir.
Azərbaycan 2023-cü ildə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Hazırda ölkə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, dağıdılmış infrastruktur yenidən qurulur, yeni yaşayış məntəqələri salınır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir.
Bu baxımdan, regionda davamlı sülhün və sabitliyin qorunması ilk növbədə Ermənistanın öz maraqlarına cavab verir. Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi ilə bağlı əsas problemini həll edib və hazırda diqqətini Qarabağ və Şərqi Zəngəzurun inkişafına, əhalinin məskunlaşdırılmasına və regional kommunikasiyaların bərpasına yönəldib.
Belə bir şəraitdə keçmiş separatçı qurumun “prezident” və parlament sədrinin seçilməsi kimi məsələlərin gündəmə gətirilməsi sülh prosesinə hansı töhfəni verəcəyi ilə bağlı suallar doğurur.
Ermənistan dəmir yumruğu deyəsən unudub…
Rəsmiyyə Şərifova,
KONKRET.az
