Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı Azərbaycanın işğal olunmuş anklavları, o cümlədən İran-Ermənistan tranzit yolunun yaxınlığında yerləşən Kərki kəndini Bakıya təhvil vermək barədə bəyanatı Tehranda bəzi qüvvələri əməlli-başlı narahat edib.
Bu fonda bir sıra iranlı “ekspert”lər yenidən Azərbaycanın üzərinə hücum çəkərək, hay-küy qaldırıblar ki, Kərki qayıtsa, Bakı Zəngəzur dəhlizinin enini genişləndirəcək. Üstəlik, hava məkanı üzərində suverenliyini təsdiqləyəcək. Onlar düşünürlər ki, bununla da İranın Ermənistana tranzit yolu kəsiləcək. Həmçinin Azərbaycan Türkiyə ilə birlikdə İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarət edəcək.
Hətta bəziləri iddia edir ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq, E117 yolunu atəş nəzarətinə almaqla, potensial müharibədə Zəngəzur əyalətinin İranla əlaqəsini kəsə bilər.
KONKRET.az xəbər verir ki, siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a açıqlamasında Nikol Paşinyanın seçki kampaniyası kontekstində Azərbaycanla sərhəd anklavlarının, o cümlədən Naxçıvanın Kərki kəndinin qaytarılması ehtimalını gündəmə gətirməsinə İran tərəfinin reaksiyasının əslində gözlənilən olduğunu deyib.
Onun fikrincə, İranın narahatlığın səbəbi təkcə həmin kəndin statusu deyil, daha geniş regional kommunikasiya məsələsidir:
“Kərki kəndi hüquqi və tarixi baxımdan Azərbaycanın Naxçıvan bölgəsinə aid olan bir anklavdır. Bu səbəbdən onun qaytarılması Azərbaycan–Ermənistan normallaşma prosesinin bir hissəsidir. O baxımdan da bu cür reaksiya yersizdir. Amma görünən odur ki, İran tərəfi yenə də ənənəvi mövqeyindən əl çəkmir. Məsələ burasındadır ki, Ermənistanın cənub bölgəsi, xüsusilə də Mehri xətti İranın Qafqaza çıxışında yeganə quru əlaqə nöqtəsidir. Bu xətt İran üçün həm ticarət marşrutu, həm də Avrasiya istiqamətində alternativ çıxış kanalı rolunu oynayır. Regionda sərhəd və anklavların yenidən tənzimlənməsi isə gələcəkdə yol infrastrukturunun, gömrük rejimlərinin və nəqliyyat axınlarının dəyişməsi ehtimalını artırır. Tehran da bundan narahat olaraq mövcud status-kvonun dəyişməsini istəmir”.
Ekspert qeyd edib ki, ikinci mühüm faktor Zəngəzur dəhlizi ətrafında formalaşmış geosiyasi diskursdur:
“İran uzun müddətdir bu konsepti ehtiyatla qarşılayır, çünki onun interpretasiyasına görə belə bir dəhliz İranın Ermənistanla birbaşa sərhəd rolunu zəiflədə və regionda yeni nəqliyyat arxitekturası yarada bilər. Kərki kimi anklavların qaytarılması isə ümumi sərhəd xəritəsini dəyişdirərək gələcəkdə kommunikasiya marşrutlarının fərqli dizayn olunmasına yol aça bilər. İranın hay-küyü də məhz bu zəncirvari dəyişiklik ehtimalı ilə bağlıdır”.
R.Bayramovun sözlərinə görə, Tehran bu cür dəyişikliklərə potensial olaraq NATO və ya Türkiyənin regional təsirinin genişlənməsi kontekstində baxır:
“İran üçün Ermənistanla sərhəd həm iqtisadi, həm də geosiyasi tampon funksiyası daşıyır. Nəqliyyat xətləri ilə bağlı hər hansı dəyişiklik, xətlərinin yenidən qurulması İranın şimal-qərb sərhədlərində yeni hərbi və siyasi reallıq yarana biləcəyi ehtimalını gündəmə gətirir”.
Ekspert vurğulayıb ki, İran daxilində bəzi ekspertlərin sərt reaksiyaları çox vaxt rəsmi dövlət siyasətindən daha çox erkən xəbərdarlıq siqnalları funksiyasını daşıyır:
“Bu cür açıqlamalar vasitəsilə Tehran həm də region aktorlarına həssaslıq mesajı verir. Amma İran tərəfinin verdiyi mesajlardan və ya istəyindən asılı olmayaraq Kərki Azərbaycan ərazisidir və geri qaytarılması da labüddür. Zamanında “biz Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermədik” deyən İran rəsmilərinin arzuları kimi, Kərki ilə bağlı arzuları da ürəklərində qalacaq”.
