Ermənistan hələ ki, Krım körpüsünü partladan yük maşınının marşrutu ilə bağlı şərh verməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Armİnfo” agentliyi sorğu ilə bu gün Ermənistanın Dövlət Gəlirləri Komitəsinə (respublikanın gömrük və vergi orqanı) müraciət edib.
Agentlik bildirir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) ötən həftə Krım körpüsündə partlayan yük maşınının Ermənistan-Gürcüstan sərhədindən keçməsi ilə bağlı xəbərə münasibət bildirmir.
“Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən geniş yayılmış bildirişlə əlaqədar olaraq, Dövlət Gəlirləri Komitəsi hələ də rəsmi açıqlama almayıb. Ona görə də Komitə hər hansı şərh verə bilməz”,- məlumatjda deyilir.
Qeyd olunur ki, Krım körpüsündə terror aktının həyata keçirildiyi yük maşınının marşrutunun istiqamətlərindən biri Ermənistandır. Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin prezident Vladimir Putinlə görüşdə ağır avtomobillərin hərəkət marşrutu barədə məlumat verib. Bunlar Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar diyarıdır.
FTX əməliyyatçılarının köməyi ilə terror aktı hazırlayanlar və Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən şəxslər arasından şübhəli şəxsləri müəyyən etmək mümkün olub. Aleksandr Bastrıkin əlavə edib ki, hücumda Ukrayna xüsusi xidmət orqanları, Rusiya və xarici ölkələrin vətəndaşları iştirak edib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Krım körpüsünün avtomobil hissəsində yük maşını partlayıb, bundan sonra yanacaq çənləri yanıb. Strateji strukturun iki zolağı dağılıb. Rusiya Federasiyasının İstintaq Komitəsi Krım körpüsündə partlayan yük maşınının Krasnodar diyarının sakininə məxsus olduğunu bildirib.
KİV-in məlumatına görə, partlayıcı Bolqarıstan ərazisinə rulonlarda yerləşdirilib. Əvvəlcə yük dəniz yolu ilə Gürcüstanın Poti limanına çatdırılıb, oradan isə Aİİ Gömrük İttifaqının qaydalarına uyğun olaraq gömrük rəsmiləşdirilməsi aparıldığı Ermənistana gedib. Sonra avtomobil yenidən Gürcüstana, oradan isə Verxniy Lars keçid məntəqəsi vasitəsilə Rusiya Federasiyasının ərazisinə keçib.
Bu təqdimatda marşrut qəribə görünür. Məsələn, Bolqarıstandan Gürcüstana o, Türkiyədən keçməli idi. Yük maşınının Rusiya ilə həmsərhəd olmayan Ermənistandan Rusiyanın Şimali Osetiyaya necə daxil olduğu da aydın deyil.
Xuraman Etibarlı,
KONKRET.az
