“Ermənistan hakimiyyəti Azərbaycan hərbçisinin qanunsuz keçidi ilə bağlı məsələyə aydınlıq gətirmir”.
KONKRET.az globlainfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Abrahamyan deyib.
“Hər şeyi canlı yayımlayan və müxtəlif tribunalardan uzun-uzadı danışan hakimiyyət orqanları heç vaxt Azərbaycan hərbçisinin qanunsuz keçidinin hansı istiqamətdə baş verdiyini açıqlamayıblar.
Onlar həmçinin axtarış səylərini kimin və necə əngəllədiyini, mövzunun bütün, çoxşaxəli reallığını aydınlaşdırmaq üçün rəsmi araşdırmaların və cinayət işlərinin aparılıb-aparılmadığını deməyiblər”, – deyə o bildirib.
T.Abrahamyan əlavə edib ki, Azərbaycan hərbçisi ilə bağlı Bakıdan alınan məlumat onun mümkün keçidi barədə olsa da, hakimiyyət zəruri tədbirləri görməyə borclu idi.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.
2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
