Son dörd ilin statistikası göstərir ki, Ermənistan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində ölüm halları artıb.
KONKRET.az xəbər verir ki, bunu yanvarın 18-də Ombudsman Aparatının hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış bölməsinin rəhbəri Andranik Yeqoyan deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Ermənistan hərbi qulluqçularının qeyri-döyüş şəraitində 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64 ölüm faktı qeydə alınıb. Eyni neqativ tendensiya Ermənistan ordusunun sıralarında özünə zərərvermə ilə bağlı da müşahidə olunur. 2020-ci ildə 65, 2021-ci ildə 77, 2022-ci ildə 108 belə hal baş verib.
Yerli ictimai təşkilatların məlumatına görə, 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrində döyüş zonalarından kənarda itkilərin sayı 83 nəfər təşkil edib. Hərbi ekspertlər bu statistikanı 2020-ci ilin payızında 44 günlük müharibədə ermənilərin məğlubiyyətinin nəticələri ilə əlaqələndirirlər. Son üç il ərzində ölkənin Silahlı Qüvvələri komandanlığı və sıravi heyətinin uyğunlaşmaqda çətinlik çəkdiyi yeni reallıqllar mövcuddur.
Bu ayın əvvəlində Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun məsuliyyət zonasına daxil olan Basarkeçər rayonundakı mövqelərində iki ölümlə nəticələnən insident baş verib. Yanvarın 9-da səhər saatlarında müqaviləli əsgər Karen Karapetyanın meyiti güllə yarası ilə döyüş mövqeyində tapılıb. Həmin gün baş leytenant Mikael Danielyanın da meyiti aşkarlanmışdı.
Vəli Həsənov,
KONKRET.az
