Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır, lakin bunun üçün zəruri şərtlərin formalaşması vacibdir.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Türkiye” qəzetinə müsahibəsində bildirib.
Nazir iyunun 16-17-də Rusiyaya səfərinin yekunlarını şərh edərkən qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti normallaşma istiqamətində mühüm addımlar atıb.
“Hökumətimiz və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə bir sıra vacib addımlar atılıb. Birbaşa ticarət əlaqələrinin və hava nəqliyyatının qurulması da bunların sırasındadır. Yeni dövrdə hansı addımların atılmalı olduğu da bəllidir. Lazımi şərtlər yarandığı təqdirdə biz münasibətlərin normallaşdırılmasına hazırıq”, – deyə Fidan vurğulayıb.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi son illərdə intensiv müzakirə olunur. Tərəflər arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılması istiqamətində müxtəlif təmaslar davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
