Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”backend

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

“Azərbaycan seysmik cəhətdən aktiv regionda yerləşir. Hazırda regionumuzda seysmik aktivlik müşahidə edilir. Ölkə ərazisində mütəmadi olaraq müxtəlif maqnitudalı zəlzələlər baş verir. Son dövrlərdə müşahidə edirik ki, dünyanın müxtəlif yerlərində qeydə alınan güclü, dağıdıcı zəlzələlər insanların narahatlığına səbəb olur və bu narahatlıq artsa da müasir elmi yanaşmalar hələlik zəlzələnin dəqiq yerini, zamanını, dərinliyini, gücünü əvvəlcədən proqnozlaşdırmağa imkan vermir. Nə qədər texnologiya inkişaf etsə də, süni intellektin, alqoritmlərin tətbiqi, müasir cihazlara bağlanan sensorların mövcud olmasına baxmayaraq hələlik bu mümkün deyil”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.

Onun sözlərinə görə, hazırda regionda müşahidə edilən seysmik aktivlik əsasən təbii fon səviyyəsində qiymətləndirilir: “Baxmayaraq bu yaxında Qəbələ ərazisində baş verən zəlzələ insanlarda təşvişə səbəb oldu, amma ümumiyyətlə fon səviyyəsində qiymətləndirilir. Bu il də Azərbaycanda hiss olunacaq zəlzələ qaçılmazdır və davamlı şəkildə baş verəcək”.

Q.Babayev qeyd edib ki, xırda və orta güclü təkanlar yer qabığında yığılan gərginliyin tədricən boşalmasının göstəricisidir: “Enerji toplusu yüngülləşir. Bununla belə hər hansısa bir ərazidə yaxın günlər və ya aylar ərzində dağıdıcı, dəhşətli zəlzələnin baş verməsi istisnadır. Azərbaycanın o dərinliklərdə baş verən proseslərin sürəti, yer dəyişmələr digər dağıdıcı zəlzələlərin baş verdiyi ölkələrdəki kimi intensiv deyil, sadəcə aktivdir. O dərəcədə intensiv sürətdə baş vermir. Azərbaycan ərazisində Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının ərazisi, Xəzər dənizi Azərbaycanda seysmik aktiv zonalar kimi səciyyələnir. Tarixi məlumatlar göstərir ki, bu ərazilərdə güclü zəlzələlər baş verib və gələcəkdə də baş verə bilər.  Eyni zamanda dəhşətli dağıdıcı zəlzələnin baş verməsi isə istisnadır. Ən vacib məsələ əhalinin mümkün zəlzələyə hazırlıqlı olmasıdır. Tikinti normalarına riayət olunması, seysmik monitorinq şəbəkəsinin inkişaf etdirilməsi, əhalinin maarifləndirilməsi ən azından potensial təhlükə zonaları haqqında məlumatın olması mühümdür. Hər zaman qeyd edirəm ki, artıq Bakı şəhəri üçün seysmik risk xəritəsinin qurulmasının çoxdan zamanı gəlib. Beləliklə hazırda regionumuzda yaxın zamanda dağıdıcı zəlzələnin olacağını elmi cəhətdən təsdiqlənmiş məlumat yoxdur. Azərbaycan ərazisinda müxtəlif hiss olunacaq, 4-5.5 maqnitudalı zəlzələlərin baş verməsi qaçılmazdır. Sadəcə, insanlar maariflənməli, təşvişdə olmamalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*