İyunun 17-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Ümumi çəkisi 3,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 6 tona yaxın çəkidə 21 min 515 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng və 25 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
