Kredit ödənişlərində gecikmə yaşayan şəxslər arasında tez-tez “qara siyahı” anlayışı işlədilsə də, ekspertlər bunun qanunvericilikdə nəzərdə tutulmuş rəsmi bir termin olmadığını bildirirlər. Əsas məsələ borcalanın kredit tarixçəsi və banklar qarşısındakı öhdəliklərini necə yerinə yetirməsidir. Vaxtında ödənilməyən kreditlər gələcəkdə yeni maliyyə vəsaiti əldə etməyi çətinləşdirsə də, mütəxəssislər kredit tarixçəsini bərpa etməyin mümkün olduğunu vurğulayırlar.
Bəs defolt vəziyyətinə düşən şəxs yenidən bankların etibarını necə qazana bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, cəmiyyətdə geniş yayılmış “bankların qara siyahısı” anlayışı əslində hüquqi məna daşımır və daha çox insanlar arasında formalaşmış ifadədir.

Onun sözlərinə görə, banklar kredit verməzdən əvvəl müştərinin əvvəlki maliyyə davranışını və digər banklar qarşısında öhdəliklərini necə yerinə yetirdiyini araşdırırlar:
“Burada məqsəd hansısa qanunvericilik tələbindən daha çox, bankın verdiyi krediti geri ala bilmə riskini qiymətləndirməkdir. Banklar yeni kredit ayırarkən müştərinin əvvəlki dövrlərdə öhdəliklərini necə icra etdiyini nəzərə alırlar. Xüsusilə istehlak kreditləri ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi qaydalara əsasən, vətəndaşın aylıq kredit ödənişləri ümumi gəlirinin müəyyən hissəsini keçməməlidir. Buna görə də banklar müştərinin gəlir mənbələrini və mövcud öhdəliklərini araşdırırlar”.
Ekspert qeyd edib ki, əgər müştərinin başqa banklarda ciddi gecikməyə düşmüş kredit öhdəlikləri varsa, bu, onun maliyyə problemlərinin olduğunu göstərir və banklar belə şəxsləri daha riskli hesab edirlər:
“Bank düşünür ki, əgər müştəri digər bankdan götürdüyü krediti vaxtında qaytarmayıbsa, eyni problem burada da yaşana bilər. Buna görə həmin şəxs riskli kateqoriyaya daxil edilir”.
Bank əmin olmalıdır ki, kredit ödənişlərindəki gecikmələr ödəniş intizamının zəifliyindən deyil, müəyyən dövrdə yaranmış maliyyə çətinliklərindən qaynaqlanıb və həmin problemlər artıq həll olunub. Müştərinin rəsmi gəlirləri krediti qrafik üzrə ödəməyə imkan verirsə, bankın ona münasibəti dəyişəcək”.
İqtisadçı əlavə edib ki, belə hallarda banklar riski minimuma endirmək üçün əlavə təminatlar da tələb edə bilərlər:
“Banklar həmin müştərilərə ilkin mərhələdə daha kiçik məbləğdə kredit təqdim edir, əlavə təminat kimi isə zamin və ya girov istəyirlər. Vaxtilə zədələnmiş kredit tarixçəsinin bərpası müəyyən zaman tələb edir. Bu, asan proses deyil və bankın müştərini daha ətraflı qiymətləndirməsinə səbəb olur”.
Ekspert vurğulayıb ki, nəticə etibarilə hər hansı müştəriyə kredit verib-verməmək qərarı bankın səlahiyyətindədir:
“Əgər bank hesab edirsə ki, həmin şəxslə bağlı risklər aradan qalxıb və maliyyə vəziyyəti normallaşıb, ona yenidən kredit verə bilər. Lakin bunun üçün müştərinin müəyyən müddət ərzində etibarlı maliyyə davranışı nümayiş etdirməsi vacibdir”.
Aynurə İsmayıl
KONKRET.az
