Ermənistan ordusunun əsgəri hərbçi yoldaşını azərbaycanlı zənn edib güllələyib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Hərbçinin ölümü faktı üzrə döyüş növbətçiliyi və döyüş xidməti qaydalarının pozulması faktı üzrə cinayət işi başlanıb.
“İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixində saat 23:40 radələrində N saylı hərbi hissənin döyüş postunda olan müddətli həqiqi hərbi xidmət qulluqçusu addım səsi eşidib. O, düşmən ordusunun hərbçisinin ona yaxınlaşdığını zənn edib və müəyyən edilmiş döyüş növbətçiliyi qaydalarını pozub.
O, həmkarı istiqamətində ona təhkim edilmiş AKM avtomatından atəş açıb, nəticədə əsgər ölümcül güllə yarası alıb.
Atəş açan əsgər Ermənistan Cinayət Məcəlləsinin 540-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı ilkin araşdırma aparılır”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, bundan qabaq Ermənistan Müdafiə Nazirliyi sentyabrın 30-da N saylı hərbi hissənin döyüş mövqeyində 2003-cü il təvəllüdlü çağırışçı əsgər Qraçya Karamyanın güllə yarası ilə meyitinin tapıldığını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
