Ermənistan sülhdən yayınır? – “Bu, Paşinyan administrasiyasına baha başa gələcək”backend

Ermənistan sülhdən yayınır? - "Bu, Paşinyan administrasiyasına baha başa gələcək"

Məlum olduğu kimi, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh sazişindən çıxarılmasına razılaşıb. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov açıqlayıb. O, bildirib ki, qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəlinib.

Maraqlıdır, məsələnin gündəmdən çıxarılması sülhün daha tez imzalanmasına gətirib çıxara bilərmi?

Mözvu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan üçün əsas prioritetin sülh olduğunu vurğulayıb:

Fazil Mustafa güllələndi — Yenilənib

“Azərbaycan ilk növbədə bölgədə sülhün bərqərar olmasına çalışır. Bu prosesin uzanmasına mane olan bir neçə səbəb ola bilərdi ki, bunun da biri Zəngəzur dəhlizi məsələsi idi. Ölkəmiz sülhü hər şeydən üstün tutur. O demək deyil ki, bu, bizim gündəliyimizdən çıxdı. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla bunları müzakirə edə bilərik. Baxın, bu sazişi biz başqa şeylərlə tərəziyə qoya bilmərik. Ona görə də belə addım atdıq. Bizim tərəfdən hansısa problem yoxdur. Bu kimi hallarda Ermənistan narahat olmalıdır. Əgər onlar bundan sonra da sülhdən yayınmaq istəyəcəksə, bu, Paşinyan administrasiyasına baha başa gələcək”.

Deputat daha sonra bunları deyib:

“Ermənistan İranla münasibətləri korlamamaq üçün bu addımı atırsa, onları da başa düşmək olar. Həmçinin hazırda Rusiyanın da hansı mövqedə olduğu məlum deyil. Aydın məsələdir ki, yol Ermənistan ərazisindən keçir və onların razılığı olmadan açılması mümkün deyil. Dəhlizə Rusiya nəzarət etmək istəyirdi ki, ermənilər də bunu qəbul etmir. Bu da müstəqil dövlət üçün başadüşüləndir. Lakin hazırda bizi başqasının nə düşündüyü maraqlandırmır. Öz istədiklərimizi yavaş-yavaş icra edirik”.

F.Mustafa hadisələrin bundan sonra necə cərəyan edəcəyinə dair proqnozunu da səsləndirib:

“Hazırda biz bütün sferalarda əlverişli mövqedəyik. Ermənistan bir çox məsələlərini Azərbaycanın istəyinə uyğun tənzimləməlidir. Bizim üçün prioritet sülhdür. Bu razılıq əldə edildikdən sonra Zəngəzur dəhlizi və bu kimi digər məsələləri qarşılıqlı şəkildə müzakirə edəcəyik. İndi Ermənistan siyasi rəhbərliyi azad hərəkət edə bilmədiyi üçün məsələyə digər güclər də qarışır. Sülhdən sonra isə bu belə olmayacaq”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*