Ermənistanda “Ana Ermənistan” partiyası dövlətə xəyanətdə ittiham olunan lideri Andranik Tevanyanla bağlı İstintaq Komitəsinin rəhbər müavini Armen Gevorkyanın səsləndirdiyi iddiaları təkzib edib.
KONKRET.az xəbər verir ki, partiyanın yaydığı bəyanatda bildirilir ki, Gevorkyanın İctimai Televiziyaya müsahibəsində Tevanyanın guya 622 min dollar qarşılığında dövlət sirri təşkil edən sənədi xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürdüyü barədə dedikləri hətta rəsmi ittihamda da yer almır.
Partiya həmçinin Gevorkyanın sözügedən sənədin Tevanyana onun silahdaşı Areqnaz Manukyan tərəfindən verildiyi barədə iddiasını da həqiqətə uyğun hesab etmir.
May ayından həbsdə olan Andranik Tevanyan da ittihamları rədd edərək onları absurd və siyasi motivli adlandırıb.
Qeyd edək ki, iyulun 9-da bu iş çərçivəsində “Ana Ermənistan” partiyasının üzvü, keçmiş deputat Areqnaz Manukyan da həbs edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
