Ermənistanın Müdafiə naziri David Tonoyan ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verib.
KONKRET.az “aysor.am”a istinadən xəbər verir ki, Tonoyan Azərbaycan Ordusunun gücünü etiraf etməyə məcbur olub.
Erməni nazir xəyanət iddialarını təhqir kimi qəbul etdiyini bildirib:
“Ermənistan Silahlı Qüvvələri, Müdafiə Nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq, Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət və ya məğlubiyyət kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükünün bütöv bir blokadası şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yaranıb:
“Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.
Tonoyan rus sülhməramlılarının yerləşdirilməsi ilə Qarabağ müharibəsinə son qoyulması barədə razılaşmanın ən yaxşı seçim olduğunu da sözlərinə əlavə edib.
