Azərbaycan Ordusu sentyabrın 27-dən bu günə qədər torpaqlarımızı Ermənistanın işğaldan azad etmək üçün uğurla əks-hücum əməliyyatlarını davam etdirir.
KONKRET.az xəbər verir ki, Ordumuzun gücü qarşısında tab gətirə bilməyən işğalçı ölkənin ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir. Bəzən könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnir. Hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Artıq dağılmış ordu ahıl yaşlı kişilərin ümidinə qalıb və bu gün Ermənistan hakimiyyəti əlacsız qalaraq ölüm ayağında olan qocaları döyüş meydanına göndərməklə vaxt qazanmağa çalışır.

