“Əsas dərdimiz odur ki, bütün siyasi qüvvələrin aydın hədəfləri yoxdur” – Petrosyanbackend

"Əsas dərdimiz odur ki, bütün siyasi qüvvələrin aydın hədəfləri yoxdur" - Petrosyan

“Bu gün Ermənistan dərin siyasi böhran içindədir və bu vəziyyətdən yeganə çıxış yolu Baş nazirin istefası və fövqəladə seçkilərin keçirilməsidir”.

KONKRET.az xəbər verir ki, politoloq Suren Petrosyan əmindir ki, Baş nazir 17 partiyanın müvəqqəti hökumət qurma tələbini təmin etməməli, istefa verməli və növbədənkənar seçkilər keçirməlidir.

“Bu, Konstitusiya çərçivəsində qalmağımız və ölkəni vətəndaş qarşıdurmasına aparmamağımız üçün güzəştə getməyin ən yaxşı yolu ola bilər. Əks təqdirdə, böhran dərinləşəcək və ölkədə fəaliyyət göstərən qurumlar getdikcə bir-birinə qarşı çıxacaq”, – deyə Petrosyan vurğulayıb.

Yeri gəlmişkən, belə bir gərginlik şəraitində normal, təhlükəsiz seçki keçirməyin mümkün olmadığı barədə fikirlər mövcuddur. Bu barədə danışan politoloq qeyd edib ki, cəmiyyətin məzmunu və davranışı fövqəladə seçkilərin keçirilməsinə mane olmur. “Hər hansı partiya nəticə əldə etmək, yəni güc qazanmaq üçün müxtəlif vasitələrdən istifadə etməklə seçkilərdə iştirak edəcəksə, o zaman dövlətçilik itkimiz olacaq. Hər iki tərəf də bunun açıq şəkildə fərqində olmalıdır. Buna görə hər kəs seçkilərin mümkün qədər təmiz və şəffaf keçirilməsində maraqlı olmalıdır. Əks təqdirdə, vətəndaş qarşıdurmalarının astanasında olacağıq. Və ilk baxışdan bu gərginlik görünmür, amma olduqca yaxındır, çünki hər hansı bir kompromisin işləməyəcəyi və nəticə verməyəcəyini özündə əks etdirən vəziyyət var”.

Üçüncü siyasi qütbün formalaşdırılmasının zəruriliyindən danışan politoloq yeni formalaşan siyasi qüvvələrin olduğunu, ancaq bu qüvvələrin təşkilatlanmasında müəyyən problemlərin mövcudluğunu qeyd edib. Petrosyana görə, bir çox qüvvələrin aydın hədəfləri, fikirləri, konsolidasiya prosesi üçün xüsusi bir yol xəritəsi yoxdur. Əlavə olaraq bu qüvvələr müvəqqəti maraqlara rəhbərlik edirlər ki, bu da qəbuledilməzdir. “Siyasi sahədə dərin məzmunlu dəyişiklik, strateji düşüncə tərzinə uyğun prioritetlərə ehtiyacımız var. Buna görə üçüncü qüvvələrin fəallaşması variantı problemlərin tək həlli yolu ola bilməz. Çünki bu qüvvələr gəlsələr də, yenidən qısa müddətli hədəfləri olacaq, müəyyən səs aldıqdan sonra parlamentə girəcəklər. Tez bir zamanda isə etimadı itirəcəklər.

Üstəlik, bunlar hələ ictimaiyyətə məlum deyil! Bu anda mümkün qədər məşhurlaşma, populyarlaşma yolunu seçsələr, cəmiyyət onlara çətin ki, etibar etsin. Uzunmüddətli həll yollarına gəlincə, yeni siyasi qüvvələrə, yeni fikirlərə, yeni alətlərə, yeni davranışlara, bunlara əsaslanan ideoloji yanaşmalara sahib olmalıyıq. Bu baxımdan cəmiyyəti ideoloji cəhətdən yenidənqurma yanaşmalarımız da olmalıdır. Əgər bu olmasaydı, çox qısa müddətdə dövlətimiz olmazdı.

Bütün bunları yenidən etməsək, dövlətimizi və dövlətçiliyimizi itirəcəyik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*