Nəmli və rütubətli hava bir çoxlarının sağlamlığı üçün təhdid təşkil edir. Allergik xəstəliklər və bir sıra sağlamlıq problemləri səbəbindən vətəndaşlar nəmlilikdən uzaq, quru sahələrdə ev alıb, orada yaşamağa üstünlük verirlər.
Bəs vətəndaşlar Abşeron yarımadasının hansı ərazilərində yaşamağa üstünlük verməlidirlər?
KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir.
Onun sözlərinə görə, yarımadaya adətən yay ayları və bəzi vaxtlarda kənar hava kütlələri o cümlədən həm rütubətli, həm də quru hava kütlələri daxil olur: “Ümumilikdə Azərbaycan ərazisi 9 növ hava kütləsi təsiri altındadır. Onların böyük əksəriyyəti rütubətli hava kütlələridir. Dənizin vasitəsilə Orta Asiyadan, Cənub-Şərqdən gələn hava kütlələri Bakının havasına baxmayaraq, yarımadanı nəmləndirirlər. Nəmli-yağışlı hava kütlələri Atlantik okeandan gəlib. Şimaldan da gələn hava kütlələrində bəzən nəmlilik olur. Ümumiyyətlə, Bakının havası insan sağlamlığı, tam yaşayış üçün tamamilə yararsız hava hesab edilir. Burada vaxtikən səyyahlar gecələməyib, birbaşa getmək istəyiblər. Ən vacibi də budur ki, hazırda fəsillər dəyişir. Rütubətli hava qışın sonu, yazın əvvəlində, fəsillər dəyişən zaman daha çox olur. İkinci dəfə isə yazın sonu, yayın əvvəlində nəmlilik, rütubətlilik çoxalır. Şəhər mühitində, yaşayış məskənlərində havada rütubətlilik nə qədər az olarsa, o qədər sağlamlıq üçün normal hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığı üçün havadakı rütubətin uyğun miqdarını 45-50 faiz olaraq hesab edir. Bu da Bakıda nadir hallarda olur. Ona görə də Bakı şəhərində vaxtikən çox az adam yaşayıb. Bakının havası yaşamaq üçün əlverişli deyil. Paytaxtı əsas rütubətdən qoruyan mühiti qumlu çimərliklər idi. İnsanlar özlərini quma basdırırdılar, üzərində gəzirdilər. Bununla bir sıra sağlamlıqla bağlı problemlər aradan qaldırılırdı. İndi isə tamam başqa mühitdəyik. Uzun müddətdir ki, rütubətli hava kütlələri hakimlik edir. Rütubətli hava kütlələrinin müşahidə edildiyi zamanlar sağlamlıq üçün daha çox təhdiddir”.
Ə.Əliyev qeyd edib ki, hansı qəsəbələrin rütubətli və ya rütubətsiz olmasını dəqiq demək çətindir: “Bunun üçün nisbi rütubəti ölçmək gərəklidir. Ondan sonra demək olar. Amma hər halda “burada rütubət azdır” deyə dəqiq demək olmaz. Abşeron yarımadası elə böyük ərazi deyil, Bakı şəhərinin 2200 kvadrat kilometrdən də az sahəsi var. Oynaq hava kütlələri burada hökmrandır. Bu səbəbdən demək çətindir. Hər halda Cənub-Qərb hissələrdə hava nisbətən az rütubətlidir, bu da nisbidir. Abşeron yarımadası həddindən artıq yüklənib. Diqqətli olmaq lazımdır ki, şəhər mühitinin bəzi çətinliklərindən özümüzü sığortalaya bilək. Cənub-Şərqdən gələn hava kütlələri qurudur, amma dənizin havasına qarışdıqdan sonra nəmli hava olur, nəfəs almaq çətinləşir. 70 faizə qədər, 70-dən çox rütubət olur. Dənizdənkənarı sahələr, Cənub-Şərq hissədəki ərazilər rütubətlilik baxımdan daha münasib, quraqlıq hesab edilir”.
