Xəstəlik səbəbilə əvvəllər hərbi xidmətdən möhlət və ya azadolma alan şəxslərin son dövrlər yenidən tibbi müayinələrə cəlb olunması diqqət çəkir. Məsələ cəmiyyətdə suallar doğurur: bu proses hansı hallarda tətbiq olunur və vətəndaşlar yenidən xidmətə çağırıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son vaxtlar bu sahədə yanaşmada müəyyən dəyişikliklər müşahidə olunur.
![]()
Onun sözlərinə görə, əvvəllər tibbi müayinədən keçərək möhlət hüququ qazanan şəxslər uzun müddət təkrar yoxlamalara cəlb edilmirdisə, indi bu interval xeyli qısaldılıb:
“Hazırda bəzi şəxslər 6 aydan bir, digərləri isə ildə bir dəfə yenidən tibbi müayinədən keçirilir. Əgər vətəndaşın səhhətində müsbət dəyişiklik qeydə alınarsa və hərbi xidmətə yararlı hesab edilərsə, o, xidmətə cəlb oluna bilər. Əks halda, səhhətindəki problemlər davam edərsə, ona yenidən stasionar və ya ambulator müayinələr təyin olunur”.
Ekspert qeyd edib ki, bu şəxslər qanunvericiliyə uyğun olaraq 30 yaşa qədər nəzarətdə saxlanılır və həmin müddət ərzində təkrar müayinələr mümkündür. Bununla yanaşı, Üzeyir Cəfərov prosesdə müəyyən çatışmazlıqların da olduğunu vurğulayıb.
Onun fikrincə, təkrar müayinələrin təşkili və nəticələrin təsdiqi bəzən uzun müddət çəkir ki, bu da vətəndaşlar üçün əlavə çətinliklər yaradır:
“Elə hallar olur ki, şəxs müxtəlif tibb müəssisələrində müayinədən keçir, lakin nəticələrin təsdiqi aylarla uzanır. Nəticədə insanlar dəfələrlə komissiyalardan keçməli olur. Bu, xüsusilə işləyən və ya maddi imkanı məhdud olan şəxslər üçün ciddi problemə çevrilir”.
Ekspert hesab edir ki, mövcud sistem daha çevik və effektiv olmalıdır:
“Bu prosesin elektronlaşdırılması və müddətlərin optimallaşdırılması vacibdir. Çünki bəzən verilən 3 – 6 ay və ya 1 illik vaxtın böyük hissəsi bürokratik prosedurlara sərf edilir. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olur”.
Beləliklə, hazırkı qaydalara əsasən, xəstəlik səbəbilə hərbi xidmətdən möhlət alan şəxslər müəyyən dövrlərdə yenidən tibbi müayinəyə cəlb edilə və səhhətlərində yaxşılaşma olduğu halda xidmətə çağırıla bilərlər. Bununla belə, prosesin daha şəffaf və sürətli təşkili ilə bağlı gözləntilər qalmaqdadır.
Aynurə İsmayıl
KONKRET.az
