“Hörmüz”də vəziyyət dəyişdi: İran ABŞ və Avropanı TƏHDİD ETDİbackend

"Hörmüz"də vəziyyət dəyişdi: İran ABŞ və Avropanı TƏHDİD ETDİ

Hörmüz boğazı ətrafında vəziyyət daha da gərginləşir. İran rəsmiləri ABŞ-ın hərəkətlərinin regionda dəniz nəqliyyatının təhlükəsizliyini risk altına qoyduğunu bildirir və həm Vaşinqtona, həm də Avropaya yönəlik sərt bəyanatlar verirlər.

KONKRET.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf X sosial şəbəkəsində yazıb ki, ABŞ və müttəfiqləri atəşkəsi pozaraq və blokada tətbiq edərək enerji daşıyıcılarının tranzitini təhlükə altına salıb.

Onun sözlərinə görə, Hörmüz boğazında “yeni bir nizam” formalaşır və mövcud vəziyyət ABŞ üçün davamlı deyil.

CBS News-un məlumatına görə, mayın 5-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Truxtun və USS Mason esminesləri boğazdan keçərkən İran qüvvələrinin hücumuna məruz qalıb.

Hücumun katerlər, raketlər və pilotsuz uçuş aparatları ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilir.

Pentaqon rəsmilərinin açıqlamasına əsasən, gəmilər zərər görməyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bildirib ki, blokada tətbiq olunduqdan sonra 50 kommersiya gəmisi saxlanılıb və ya istiqaməti dəyişdirilib.

Regionda ABŞ hərbi patrulları, o cümlədən USS Pinckney esminesi vasitəsilə davam etdirilir.
Bu arada, İran tərəfi hərbi imkanları ilə bağlı da sərt açıqlamalar verib.

Parlament üzvü Hüseynəli Hacideliqaninin sözlərinə görə, ölkə eyni vaxtda çoxsaylı döyüş başlıqlarına bölünə bilən raketlərə malikdir və bu, ABŞ-ın hava hücumundan müdafiə sistemlərini aşmağa qadirdir.

Eyni zamanda, İran mediasında Avropaya yönəlik təhdidlər də səsləndirilib. “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib ki, ABŞ-ın Avropadakı hərbi bazalarından istifadə olunacağı təqdirdə, həmin obyektlər İran üçün “qanuni hədəf” hesab edilə bilər.

O, həmçinin Avropanın belə hücumlara qarşı həssas olduğunu iddia edib. Regionda baş verən bu hadisələr beynəlxalq enerji təchizatı və qlobal təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*