“Sibirin aristokratları” – Evenkləri belə adlandırırlar. Şərqi Sibirin sayca azsaylı xalqlarından biri olan bu etnos qloballaşmanın təsirlərinə baxmayaraq, özünəməxsusluğunu, qədim adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağa çalışır.
Evenklərin ən maraqlı xüsusiyyətlərindən biri ailə və cəmiyyət münasibətlərində qadının xüsusi mövqeyə malik olmasıdır. Ənənəvi təsəvvürlərdə ailənin əsas dayağı və nüfuz sahibi qadın hesab edilirdi. Onun sözü ailədə mühüm əhəmiyyət daşıyır, cəmiyyətdəki mövqeyi isə kişilərin mövqeyindən heç də geri qalmırdı.
Bəs qadının bu qədər yüksək nüfuza malik olduğu cəmiyyətdə kişilərin rolu nədən ibarət idi? Hətta qadının xəyanətinə görə kişinin cəzalandırılması kimi qeyri-adi bir ənənənin mövcud olduğu doğrudurmu?
Buqa – müqəddəs aləmin qadın siması
Evenklər Şərqi Sibirin qədim xalqlarından biridir. Onların ənənəvi dünyagörüşündə animizm, ruhlara inam və şamanlıq mühüm yer tuturdu. Təbiətin hər bir ünsürünün öz ruhunun olduğuna inanılır, şamanlar isə insanlarla ruhlar aləmi arasında vasitəçi hesab edilirdilər.
Evenk mədəniyyətinin diqqətçəkən cəhətlərindən biri də şamanlıq ənənəsində qadınların xüsusi yer tutması idi. Bir çox başqa xalqlardan fərqli olaraq, evenklərdə qadınlar da şaman ola, müxtəlif dini mərasimləri və ayinləri icra edə bilirdilər.
Onların mifoloji dünyasında Buqa və ya Boa adlanan xeyirxah qadın obrazı xüsusi yer tuturdu. O, müqəddəs aləmin təcəssümü, qoruyucu və himayəçi qüvvə kimi təsvir edilirdi. Bu təsəvvürlər qadının yalnız ailədə deyil, mənəvi və dini həyatda da yüksək mövqeyə malik olduğunu göstərirdi.
Sərt Şimal şəraitində yaşayan evenk qadınları təkcə ailə ocağının qoruyucusu deyildilər. Onlar gündəlik həyatın demək olar ki, bütün sahələrində fəal iştirak edirdilər. Uşaqlara baxmaq, yemək hazırlamaq, geyim tikmək və ev təsərrüfatını idarə etməklə yanaşı, kişilərə aid hesab edilən bir sıra işləri də yerinə yetirirdilər.
Evenk qadını ailə üzvləri üçün zəruri geyimləri tikir, heyvan dərilərini aşılayır, tozağacı qabığından məişət əşyaları hazırlayırdı. O, ənənəvi yaşayış məskəni olan çumu qurmağı, onu lazımi qaydada təşkil etməyi və heç kimin köməyi olmadan ocaq qalamağı da bacarırdı.
Bununla belə, kişilərin də özünəməxsus vəzifələri vardı. Onlar əsasən ovçuluq və balıqçılıqla məşğul olur, ailənin ərzaq təminatında mühüm rol oynayırdılar. Lakin qadınlar da bu işlərin öhdəsindən gəlmək qabiliyyətinə malik idilər. Başqa sözlə, sərt təbiət şəraitində yaşamaq evenk qadınlarından yüksək müstəqillik və çoxsaylı bacarıqlar tələb edirdi.
Arvadın xəyanətinə görə niyə ər cəzalandırılırdı?
XIX əsrin ortalarında bir sıra alim və səyyahlar evenklərin həyat tərzini, adət-ənənələrini və sosial münasibətlərini öyrənmək üçün Sibirə ekspedisiyalar təşkil edirdilər. Bu xalqda qadınların yüksək mövqeyi, ailə münasibətlərinin özünəməxsusluğu və cəmiyyətin fərqli davranış qaydaları tədqiqatçıların xüsusi marağına səbəb olurdu.
Fin əsilli rus alimi Matias Kastren də evenklərin həyatını müşahidə edən tədqiqatçılardan biri idi. O, qeydlərində bu xalqın məişətindəki zərifliyi, estetik zövqü və geyim mədəniyyətini xüsusi vurğulayırdı. Alimin diqqətini çəkən məqamlardan biri də kişi və qadınların geyimlərinin bir-birinə bənzəməsi, hətta bəzi elementlərinin Avropa geyimlərini xatırlatması idi.
Lakin evenklərin ailə münasibətlərindəki ən qeyri-adi adətlərdən biri ər-arvadın sədaqəti məsələsinə yanaşma ilə bağlı idi.
Mənbələrdə əksini tapan təsvirlərə görə, ənənəvi evenk cəmiyyətində ailəli qadının başqa kişi ilə münasibət qurması halında məsuliyyət yalnız qadının üzərinə qoyulmurdu. Əksinə, belə bir hadisəyə görə ilk növbədə onun əri günahlandırılırdı. Hesab edilirdi ki, kişi ailəsini və həyat yoldaşını qorumağı bacarmayıb, bununla da cəmiyyət qarşısında öz məsuliyyətini yerinə yetirməyib.
Əgər qadının xəyanəti düşərgədə hamıya məlum olardısa, ər ictimai qınağa məruz qalırdı. Bəzi etnoqrafik təsvirlərə görə, belə hallarda onu bütün düşərgə sakinlərinin qarşısında çubuqla cəzalandırmaq hüququ vardı. Beləliklə, qadının xəyanəti kişinin nüfuzuna və məsuliyyətinə bağlanır, cəza da məhz onun üzərinə düşürdü.
Bu adət ənənəvi evenk cəmiyyətində qadının sosial mövqeyinin nə qədər fərqli olduğunu göstərən maraqlı nümunələrdən biri kimi təqdim edilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
