Vyetnam son 80 ildə üç böyük dövlətin hücumlarını dəf edib. Amma ölkə nəinki hər dəfə işğaldan xilas olub, həm də çoxsaylı münaqişə və böhranlardan sonra iqtisadiyyatını bərpa etməyi bacarıb. Vyetnam xalqı başına gələn müsibətlərə baxmayaraq, bu gün də gələcəyə nikbinliklə baxır. Elə buna görədir ki, Vyetnam yoxsulluğun azaldılması və iqtisadi artım göstəricilərinə görə dünya liderlərindən biridir.
Maraqlıdır, vaxtilə yoxsul Asiya koloniyası kimi tanınan bir xalq bu inanılmaz inkişafa necə nail olub?
Vyetnam Fransanın keçmiş müstəmləkəsidir. İkinci Dünya Müharibəsinin sonunda Yaponiya bu ölkəni işğal edib və kukla monarx Bo Jini taxta çıxararaq öz protektoratını qurub. Yaponların bu regionda mövcudluğu cəmi bir neçə ay çəkib. Daha sonra ölkənin cənub hissəsi Britaniya-Hindistan ordusu, şimal hissəsi isə Çin tərəfindən işğal edilib.
Bu dövrlərdə işğalçılara qarşı mübarizə aparan ilk partizan təşkilatı Hind-Çin kommunistlərinin Vyet-Min ittifaqı olub. 1945-ci ilin avqustunda yaponların məğlubiyyətindən sonra müqavimət lideri Ho Chi Minh Vyetnamda kommunist dövlətinin qurulduğunu elan edib. Eyni zamanda, ölkənin fransızlara qaytarılan cənub hissəsində Bo Jinin kukla hökuməti bərpa edilib və ölkə faktiki olaraq 2 yerə bölünüb. 1947-ci ildə bütün bölgəyə nəzarəti bərpa etmək üçün Fransa Vyetnamı işğal etməyə cəhd edib. Bu qarşıdurma Birinci Hind-Çin Müharibəsi kimi tarixə düşüb.
1954-cü ilə qədər döyüşlər dalana dirənib və nəhayət Fransa bölgəni tərk edib. Fransızların azad edilmiş müstəmləkə torpaqlarında 4 yeni güc mərkəzi yaranıb: Laos, Kamboca və 17-ci paralel boyunca bölünmüş iki Vyetnam.
Əslində 1955-1975-ci illərdə Amerikanın Vyetnama təcavüzü Hind-Çin müharibəsinin davamı idi. 1954-cü ildə bağlanmış sülh müqaviləsinə əsasən, ölkə seçkilər yolu ilə birləşdirilməli idi. Lakin bu, sülh yolu ilə baş vermədi. Belə ki, SSRİ və Çinin artan təsirindən qorxan ABŞ və müttəfiqləri 1965-ci ildə münaqişəyə müdaxilə etdilər.
Lakin vyetnamlıların çoxu bu müharibəni azadlıq hərəkatı kimi gördüyündən, eləcə də kommunistlərə rəğbət bəslədiklərindən yerli sakinlər əsl qəhrəmanlıq nümayiş etdirdi. Nəticədə Vyetnam xalqı ABŞ-a qalib gəlməyi bacardı.
1978-ci ildə isə yeni bir tufan qopdu: Kamboca ilə müharibə. O vaxt Kambocada vyetnamlılara qarşı aqressiya geniş yayılmışdı. Bu aqressiya nəticələrini çox gözlətmədi – ziyalılar və ruhanilər məhv edildi, şəhər əhalisi düyü plantasiyalarına qovuldu və proses Vyetnam xalqının düşmən elan edilməsinə qədər irəlilədi.
Hanoy bütün baş verənlərə Kambocanı işğal etməklə cavab verdi, lakin Çin tərəfindən hücuma məruz qaldı. Vyetnamlılar Çinin hücumunu da dəf edə bildilər.
1991-ci ildən sonra Vyetnam və Çin hökumətləri mehriban qonşuluq münasibətləri qurdu və hər iki iqtisadiyyatın oxşar modernləşdirilməsi həyata keçirildi.
Pekin hazırda bu dövlətin əsas ticarət tərəfdaşına çevrilib. Vyetnam bazar sisteminə uğurla keçidi reallaşdırıb, qismən özəlləşdirmə aparıb və xarici şirkətlərin iştirakı ilə sənayeni inkişaf etdirməyə başlayıb.
Bununla belə, Vyetnam inkişaf etməmiş kənd təsərrüfatı dövləti olaraq qalır. Xüsusilə qonşu Taylandla müqayisədə o daha zəif görünür. Amma ölkə onilliklər ərzində yüksək iqtisadi artım templərini qoruyub-saxlayır.
Ölkədə yalnız bir partiya var – hakim Kommunist partiyası. Jurnalistlərin fikrincə, burada sovet tipli ciddi senzura var. Dövlət aparatı iqtisadiyyata təsirini qoruyub-saxlayır və ərzaq məhsullarının qiymətlərinin artmasına imkan vermir.
Bu gün Vyetnam sosial xərcləri azaltmalı olub. Məsələn, hazırda dərmanlar yalnız uşaqlar üçün pulsuzdur. Məktəb təhsili isə ödənişlidir.
Bununla belə, vyetnamlılar həyata nikbin baxırlar. Yerli sakinlər əmindirlər ki, onların ölkələrinin dövrü təzəcə başlayıb. Vyetnam nəhənglərə qalib gələn dövlət olaraq təşkil etdikləri əfsanəvi müqavimətlə qürur duyur.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
