Söhbət “Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan” qeyri-sənaye almazlarından gedir.
KONKRET.az xəbər verir ki, Kreml bundan əvvəl avropalılara bu qadağa tətbiq olunarsa, “bumeranq effekti” barədə xəbərdarlıq etmişdi.
Yanvarın 1-dən G7 ölkələri (ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya) Rusiyadan Aİ ölkələrinə qeyri-sənaye xarakterli təbii almaz, süni almaz və tərkibində almaz olan zərgərlik məmulatlarının idxalına qadağa qüvvəyə minib. G7 bu qərarı 2023-cü ilin dekabrında elan edib.
Eləcə də 2024-cü il martın 1-dən etibarən G7 ölkələri üçüncü ölkələrdə emal edilmiş 1 karatlıq rus almazlarının idxalını məhdudlaşdıracaq. Eyni zamanda, 2024-cü il sentyabrın 1-dək bu tədbirlərin gücləndirilməsi məqsədilə xam daşların yoxlanılması və sertifikatlaşdırılması mexanizminin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, 2024-cü il sentyabrın 1-dən üçüncü ölkələrdə emal olunmuş rus sintetik brilyantları, 0,5 karat və daha çox çəkidə rus brilyantlarından istifadə edilməklə üçüncü ölkələrdə hazırlanmış zinət əşyaları və qol/cib saatları qadağan ediləcək.
France 24 telekanalının qeyd etdiyi kimi, kobud almazların ilkin mənşəyi Rusiyanın da iştirakçısı olduğu beynəlxalq sertifikatlaşdırma sistemi, Kimberley Prosesi vasitəsilə izlənilir. Bununla belə, Tel-Əviv və ya Antverpendəki treyderlər, məsələn, Kanada, Botsvana və Rusiyadan olan “qarışıq” daş partiyaları yaratmaq imkanına malikdirlər.
Qeyd edək ki, ən böyük almaz hasilatı şirkəti De Beers-in rəhbəri Al Kuk əvvəllər demişdi ki, gömrükdə rus almazını qeyri-rus almazından ayırmaq mümkün deyil və bu açıqlaması ilə müvafiq izləmə sisteminin qeyri-müəyyənliyinə diqqət çəkib. Bu səbəbdən Hindistan nümayəndələri öz növbəsində G7-ni qiymətli daşların mənşə qaydalarını müəyyən etmək üçün Rusiyadan gələn brilyant qadağasını 3-4 aya təxirə salmağa çağırıblar.
Natiq Səlim,
KONKRET.az
