İranın xarici işlər naziri Abbas Əraqçinın Rusiyaya səfəri və Vladimir Putinlə planlaşdırılan görüşü Yaxın Şərqdə onsuz da həssas olan geosiyasi balansı yenidən gündəmə gətirib. Regionda davam edən gərginliklər, böyük güclər arasında artan rəqabət və xüsusilə İran ətrafında formalaşan yeni ittifaqlar fonunda bu təmasların mümkün nəticələri diqqətlə izlənilir.
Bəs bu görüş Yaxın Şərqdə münaqişələrin genişlənməsi riskini artırırmı və Rusiyanın proseslərə birbaşa hərbi müdaxiləsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Əraqçi–Putin görüşündə əsas müzakirə mövzusu Rusiyanın İrana dəstəyinin hansı istiqamətlərdə gücləndirilə biləcəyi ilə bağlıdır. Onun sözlərinə görə, Rusiyanın birbaşa hərbi müdaxiləsi real görünmür.

“Çünki Rusiya hazırda Rusiya-Ukrayna müharibəsi fonunda olduqca gərgin hərbi və iqtisadi vəziyyətdədir. Bu müharibə ölkənin həm insan resurslarına, həm də hərbi-texniki imkanlarına ciddi zərbə vurub. Belə bir şəraitdə Moskvanın Yaxın Şərqdə yeni genişmiqyaslı müharibəyə qoşulması onun resurslarının daha da parçalanması demək olacaq”, – politoloq vurğulayıb.
Ekspert əlavə edib ki, Rusiya regiondan tam çəkilmək niyyətində deyil.
“Əksinə, postmünaqişə dövründə İranla hərbi və siyasi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır. Bu isə Moskvanın regiondakı təsir imkanlarını qoruyub saxlamaq və hətta gücləndirmək strategiyasına uyğun gəlir. Rusiya həm də diplomatik müstəvidə aktiv rol oynamağa çalışır. Xüsusilə, ABŞ-İran münasibətlərinin normallaşması istiqamətində Moskvanın vasitəçilik təşəbbüsləri diqqət çəkir. Bu isə Kremlin Yaxın Şərqdə birbaşa hərbi iştirakdan daha çox siyasi və diplomatik təsir alətlərinə üstünlük verdiyini göstərir”.
Nəticə etibarilə, mövcud şərtlər daxilində Rusiyanın Yaxın Şərqdə genişmiqyaslı müharibəyə birbaşa qoşulması ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, Moskvanın İranla əməkdaşlığı dərinləşdirməsi və regionda təsir imkanlarını artırmağa çalışması yaxın dövr üçün əsas tendensiya kimi ön plana çıxır.
Müşviq Tofiqoğlu
KONKRET.az
