“Bu, Münasibətlərimizə Ağır Zərbə Vuracaq!”
Ukrayna və İsrail arasında diplomatik gərginlik yeni bir böhran həddinə çatıb. Rəsmi Kiyev Ukraynanın işğal olunmuş ərazilərindən oğurlanmış buğdanı daşıdığı iddia edilən “Panoramitis” gəmisi ilə bağlı İsrailə kəskin xəbərdarlıq edib. “Axios” nəşrinin jurnalisti Barak Ravidə məlumat verən Ukraynanın yüksək rütbəli diplomatik mənbəsi bildirib ki, sözügedən gəminin Hayfa limanına daxil olması və yükünü boşaltması iki ölkə arasındakı münasibətləri qırılma nöqtəsinə gətirə bilər.
KONKRET.az xəbər verir ki, Ukrayna tərəfi bu gəmini yaxından izlədiyini və prosesi nəzarətsiz qoymayacağını bəyan edib. Diplomatik mənbə vurğulayıb: “Əgər bu gəminin lövbər salmasına və yükünü boşaltmasına icazə verilsə, bunun xüsusilə ikitərəfli əlaqələrimiz üçün ciddi fəsadları olacaq. Ukrayna tam diplomatik və beynəlxalq hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır”. Kiyev rəsmiləri İsrailin bundan əvvəl oğurlanmış buğda daşıyan digər bir gəmi ilə bağlı tələbləri “faktiki olaraq görməzdən gəldiyini” və bu cür hərəkətlərin artıq dözülməz olduğunu qeyd ediblər.
Ukraynalı diplomatın sözlərinə görə, İsrailin bu mövqeyi Kiyevin atdığı dostluq addımlarına – SEPAH-ın terror təşkilatı kimi tanınmasından tutmuş, antisemitizmin kriminallaşdırılmasına qədər nümayiş etdirilən “xoş mərama” qarşı bir “şillə” effekti yaradır. “Oğurlanmış yüklərdən mənfəət əldə etmək İsrailin ləyaqətinə yaraşmayan bir hərəkətdir”, — deyə mənbə bildirib. Hazırda dünya ictimaiyyəti Hayfa limanına yaxınlaşan gəmi ilə bağlı rəsmi Təl-Əvivin hansı qərarı verəcəyini maraqla gözləyir.
Natiq Səlim,
KONKRET.az
