Ermənistanın tanınmış siyasətçisi, açıqlamaları ilə gündəm yaradan Vahe Ovannisyan ölkəsinin bu günü və sabahı ilə bağlı maraqlı məqalə ilə çıxış edib.
KONKRET.az həmin yazının bir hissəsini təqdim edir:
“Azərbaycan. Bu yaxınlarda İlham Əliyev xalq qarşısında çıxışında ölkəsində ictimai əhval-ruhiyyəni formalaşdıran elitaya – alimlərə, sosioloqlara, yazıçılara müraciət edərək yeni milli ideyaların formalaşması üçün ideyalar hazırlamağı təklif edib. İlham Əliyev hesab edir ki, Azərbaycan üçün yeni milli ideyalar, yeni baxışlar tələb edən yeni prinsipial-tarixi mərhələ başlayır.
Gürcüstan. Baş nazir İ.Kobaxidzenin ictimaiyyətə təqdim etdiyi plan “Avropa dövlətinin qurulması naminə” adlanır. Milli məsələlər aydın şəkildə ifadə olunub: Aİ və NATO-ya üzvlük, eyni zamanda, Rusiya ilə münasibətlərin tənzimlənməsi, Abxaziya və Osetiyanın sülh yolu ilə qaytarılması.
İran, Türkiyə. Bu ölkələr tamamilə fərqli, ağırçəkili dövlətlərdir, strategiyaları və maraqları əsrlər boyu dəyişməzdir və əsrlər boyu konsepsiyalarından bir millimetr belə kənara çıxmayıblar.
Bugünkü Ermənistan. Ölkənin əsas gündəmi – insanları tutmaq və xarici güclərdən mərhəmət diləmək. Nə milli baxış, nə də strateji baxış var. Günah türklərdə, ruslarda deyil, özümüzdədir. Məhz buna görədir ki, bu gün belə bir nizamsız və ümidsiz vəziyyətdəyik.
Bütövlükdə bu gün iki milli baxış mövcuddur: Birincini şərti olaraq Osvensim konsepsiyası adlandırmaq olar: gəlin təslim olaq, hər şeydən əl çəkək, bəlkə yaşayacağıq, bəlkə də yox, zəmanət yoxdur. Digəri isə Mixael Srbazanın “xəstə millət” anlayışıdır ki, onun özəyini dövlətin mahiyyətini dərk etməmək xəstəliyi təşkil edir.
Nikolun variantı dövlətin dağılmasına gətirib çıxaracaq və bu, çox tez, gözlənilmədən baş verəcək.
Bu gün Ermənistanın ən mühüm problemi dərin milli və dövlət böhranıdır. Bu böhrandan çıxmaq üçün yeni fikirlər və yeni baxışlara ehtiyac var. Məsələnin məğzi budur ki, duyğularla rasional düşüncə arasında incə bir xətt var. Xalqımız və başbilənlərimiz bu incə xətti düzgün seçə bilməlidir. Çıxış yolu duyğulara yer verməməkdir. Gerçəkliyi xəyal əvəz etməməlidir, Soyuq, rasional düşüncə beynimizə hakim kəsilməlidir.
Bizim xalqımız yorğundur, ümidsizdir və ən nəhayət xəstədir. Gəlin elə milli ideyalar təklif edək ki, bu, sağalma prosesinə start versin. Bizim başqa yolumuz yoxdur.
Yaxşı, bəs bunu kim etməlidir? Bəziləri düşünür ki, nəhayət, kimsə tapılacaq, biz də deyəcəyik ki, gözlədiyimiz budur. Amma bu, belə deyil, belə şey heç vaxt baş verməyəcək. Ermənistanın bugünkü milli ideyası müharibədən sonrakı yenidənqurmadır ki, bu da vəziyyətin sabitləşməsini, daxili sağalmanı, müasir dövlət quruculuğunun əsaslarını və milli məsələlərin qorunmasını nəzərdə tutur. İndi bu missiyanı daşıyan, təbliğ edən yoxdur.
Ona görə də bu anormal vəziyyətdə hərə özünü bacardığı qədər aparır. Əksəriyyəti evlərində kilidlənib və baş verənlərlə əlaqəsi yoxdur, əhəmiyyətli bir hissəsi isə ABŞ-də oturur, qalanları isə müxtəlif yollarla proseslərə qarışmır.
Ancaq problemin yeganə bir həlli var. Daxili barışıq ideyası ilə resursları mövcud olan yeni böyük rəhbərliyin formalaşmasına getmək lazımdır. Vəzifə və status istəyənləri, boş ambisiyalarla hərəkət edənləri uzaqlaşdıraq və aydın danışaq ki, konsolidasiya proseslərinə kimin mane olduğunu anlaya bilək”.
Natiq Səlim,
KONKRET.az