Gürcüstanın Aİ-yə və NATO-ya üzv ola bilməyəcəyinin tək səbəbi – Ətraflıbackend

Gürcüstanın Aİ-yə və NATO-ya üzv ola bilməyəcəyinin tək səbəbi - Ətraflı

Surxay Atakişiyev

Gürcüstanda vəziyyət ruscadır. Uzun müddət davam edən iqtisadi böhrana siyasi böhran da əlavə olundu. Belə ki, 18 fevral Gürcüstanda Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verdi. Buna qədər isə yanvarın 11-də son 10 il Gürcüstan siyasətinin xaç atası, oliqarx Bidzina İvanişvili siyasətdən və qurucusu olduğu “Gürcü arzusu” partiyasının rəhbərliyindən getdiyini bildirdi.

Amma bu istefaların heç biri ölkədəki siyasi gərginliyi azaltmadı. Və qəribə burasıdır ki, İvanişvili siyasətdən getdiyini elan etsə də, hakimiyyətdə təsir imkanlarını saxlayır. Təsadüfi deyil ki, bu günlərdə Tiflisdəki etirazçılar milyarderin evinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar səssiz etiraz metodunu seçmişdilər. Onların əsas tələbi iqtidarın növbədənkənar parlament seçkiləri keçirməsi olub.

Xatırladaq ki, bu günlərdə Bidzina İvanişvilinin sərvəti açıqlanıb. “Sputnik Gürcüstan”ın məlumatına görə onun sərvəti 5,67 milyard ABŞ dollarıdır. İvanişvili “Bloomberg Billionaires İndex”in reytinqində 458-ci yerdədir. O, 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən gedib, lakin 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından bu ilin yanvarınadək hakim Gürcü Arzusu Partiyasına rəhbərlik edib.

Bu günlərdə gürcü parlamenti yeni baş naziri və hökumətin tərkibini təsdiq elədi. Bu dəfə baş nazir seçilən İrakli Qaribaşvili yeni sima deyil. O da İvanişvilinin şinelindən çıxıb. 2013-cü ilin payızında Qaribaşvili baş nazir postunu məhz İvanişvilidən təhvil alıb. Lakin onun siyasi karyerası o qədər də uğurlu olmayıb. Və 2015-ci ilin dekabrında istefaya gedib. Və bir neçə gün əvvəl yenidən bu posta sahib çıxıb.

Və ilk gündən o çox inamlı danışır. Belə ki, bilavasitə onun göstərişi ilə müxalifət lideri Nika Meliyanın həbsdə saxlanılır. Üstəlik müxalifətə bildirib ki, heç bir erkən parlament seçkisindən söhbət gedə bilməz. Və üstəlik Brüsselə səfərə hazırlaşır.

Amma Qaribaşvili özünü nə qədər qətiyyətli aparsa da, sosial-iqtisadi dayaqları çox zəifdir. İkin hesablamalara görə, Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1 faiz azalıb. Bu da ilin əvvəlində nəzərdə tutulduğundan xeyli çox ollub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, iqtisadiyyatda geriləmə dekabr ayında daha çox olub və 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz təşkil edib. Təkcə pandemiya səbəbindən Gürcüstanın turizm gəlirləri 2020-ci ildə 3 milyard dollar azalıb və bu, ölkənin ÜDM-nin 30 faizinə yaxındır. 2020-ci ildə Gürcüstanın ümumi  borcu 19,7 milyard dollar (64,7 milyard lari) təşkil edib ki, bu da ölkənin ÜDM-nin 120,4 -ni təşkil edir. Gürcüstan Milli Bankının məlumatlarına görə, dövlət borcu 8.9 milyard dollara (29.3 milyard lari) çatıb ki, bu da ÜDM-in 60 faizinə yaxındır. Gürcüstan qanunvericiliyi dövlət borcunun ölkənin ÜDM-yə nisbətində 60% aşmasını qadağan edir.

Bu isə o deməkdir ki, Gürcüstan iqtisadiyyatı defolt vəziyyətdədir. Və nəzərə alaq ki, Gürcüstanın büdcə gəlirlərinin xeyli hissəsi tranzit daşımalardan qaynaqlanır. Bakı-Tbilisi-SupsaBakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəyə xeyli mənfəət və fayda gətirir. Uzunmüddətli müqavilələrə əsasən, Gürcüstan bu boru kəmərləri ilə ixrac olunan enerji ehtiyatlarının 5 faizini alır və əhəmiyyətli miqdarda qaz və nefti endirimli qiymətlərlə almaq hüququna malikdir. Necə deyərlər, Gürcüstan son dövrlər Azərbaycanla Türkiyənin sayəsində ayaqda qalıb. Amma bu məsələlərdə də bəzi suallar meydana çıxıb. Belə ki, 10 noyabr sülh anlaşmasından sonra AzərbaycanTürkiyə prezidentləri region ölkələri arasında “6-lıq” iqtisadi platforması yaradılması təşəbbüsü ilə çıxış etdi. Amma bu təklif həm Rusiya və həm də İran tərəfindən isti qarşılanmadı.

Doğrudur, istər Tehran, istərsə də Moskva ideyanı bəyəndi, lakin formatla razılaşmadı. Rusiya bu formatı 3+2, Tehran isə 3+1 kimi görmək istədiyini bildirdi. Və təbii ki, təklif olunan hər iki formatda Gürcüstan bağlı qapı arxasında qalır. Bu isə Gürcüstan üçün heç də yaxşı perspektiv vəd etmir.

  • Qəribə burasıdır ki, Gürcüstanın yeni höküməti yenə də qatı Qərb yönümlü siyasət yürüdür Təsadüfi deyil ki, Qaribaşvili ilk xarici səfərini Bürüsselə, NATO iqamətgahına edəcəyini bildirdi. Bu isə Rusiyanı əməlli-başlı qıcıqlandırdı. Ümumiyyətlə, Gürcüstan cəmiyyətində Avropaya meyllənmə çox güclü olub. Məsələn, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) 2020-ci il dekabr ayında keçirdiyi bir sorğu Gürcüstan vətəndaşlarının 80%-nin Aİ və 74%-nin NATO-ya üzvlüyünü dəstəklədiyini göstərib. NATO-ya dəstək son 10 ildə 12% artıb. Aİ və NATO-ya inteqrasiya Gürcüstan konstitusiyasında rəhbər hədəf kimi təsbit edilib və hökumət 2024-cü ilə qədər Aİ üzvlüyü üçün müraciət etməyi qarşıya məqsəd qoyub.

Amma az-çox Aİ-nin siyasi kursuna bələd olan bir şəxs kimi deyə bilərəm ki, Gürcüstanın istər Aİ-yə, istərsə də NATO-ya üzvlük perspektivi yoxdur.

Əvvala, ona görə ki, Gürcüstanın Aİ-lə birgə sərhəddi yoxdur. Bu isə əsas faktordur.

İkincisi, Avropanı Gürcüstanda cəlb edən heç nə yoxdur. Çünki Gürcüstan iqtisadi problemlər məngənəsində boğulur. İqtisadi və siyasi problemlərlə dolu bir məmləkət isə Aİ-yə qətiyyən lazım deyil.

Üçüncüsü, Gürcüstanın NATO-ya üzvülük məsələsi də inandırıcı görünmür. Çünki gürcü ordusu NATO standartlarından çox geri qalır. NATO-nunsa yeni üzvlərin ordusunun modernləşməsində o qədər maraqlı deyil. Necə deyərlər, istər NATO, istərsə də Aİ “yetimə gəl-gəl deyir, amma ona sahib çıxmır”. Bu təşkilatlar bu günə qədər Gürcüstandan Rusiyaya qarşı qalxan kimi istifadə edib, özünün siyasi məqsədləri üçün bəhrələnib. Ümumiyyətlə, istər ABŞ,  istərsə də Avropa heç bir xarici ölkə ilə sona qədər dost kimi birgə addımlamayıb. Hamını yarı yolda qoyub. Bunu ərəb ölkələrində də gördük, Ukraynada da. Ona görə də qərb qonşularımızın Aİ və NATO-ya bel bağlamalarının heç bir perspektivi yoxdur. Çünki siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur.

Bəs elə isə Gürcüstanı yaxın dövrdə nələr gözləyir? Bu barədə növbəti yazımızda.

KONKTRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*