Hakimiyyətdə Paşinyan yox, Sarkisyan və Koçaryan olsaydı, Rusiya Ermənistanı dəstəkləyərdi? – Ovannisyan AÇIQLADIbackend

Hakimiyyətdə Paşinyan yox, Sarkisyan və Koçaryan olsaydı, Rusiya Ermənistanı dəstəkləyərdi? - Ovannisyan AÇIQLADI

“Tevanyan Ermənistanın öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etməsini tənqid atəşinə tutub və bunu Rusiya ilə münasibətlərin pisləşməsinə yönələn siyasətin ən bariz təzahürü kimi dəyərləndirib. Tevanyan əmindir ki, əgər biz rus, belarus, qazax və KTMT-yə daxil olan başqa ölkələrin hərbçilərini Ermənistana dəvət edib burada güllə atsaq, o zaman rus sülhməramlıları nəhayət, azərbaycanlı ekoloqları Laçın-Xankəndi yolundan çıxaracaqlar”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:

“Tevanyan və başqalarının niyə belə mesajlar verdiyini düşünə bilən insanlar mükəmməl başa düşməlidir. Onlar eyham vururlar ki, əgər hakimiyyətdə qalsaydılar ( Robert Koçaryan və ya Serj Sarkisyan – red), o zaman müharibə baş verməz və “Artsax”ın blokadası olmazdı. Bəlkə də təhlükəsizliyin müqabilində o kleptokratik hakimiyyətin bərpasına razılıq vermək olardı. Qərar çətin olardı, amma bir çox həmvətənlərim iki şərdən kiçiyini seçərdilər. Xüsusən ona görə ki, Paşinyan hökuməti demək olar ki, 5 ildə ölkənin sosial-iqtisadi problemlərini həll edə bilmədi. Arqument isə təxminən belə olardı, “Qoy köhnələr qayıtsın, amma rahat nəfəs alaq”. Bəs Rusiyanın “Koçaryan” və ya “Sarkisyan” Ermənistanını müdafiə etməyə tələsəcəyinə zəmanət haradadır?”, – deyə erməni analitik vurğulayıb.

“Uzun müddət düşündüm ki, Rusiya niyə Ermənistanı müdafiə etmir? Bəlkə erməniləri demokratik seçimlərinə görə cəzalandırmaq istəyir. Yoxsa Azərbaycan və Türkiyə ilə münaqişə olacağından qorxduğu üçün bunu edə bilmir? Düşünürəm ki, ikinci arqument daha inandırıcıdır. Rusiya üçün Türkiyə Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya məkanında rəqibdir. Moskvanın coğrafi bölgə üçün Türkiyə ilə mübarizə aparması gərəksə də, Rusiya bunu etmir.

Onsuz da Paşinyan hakimiyyətdə çox da möhkəm deyil və Rusiya Cənubi Qafqazda ermənilərin mövqeyi baxımından sülhü təmin etsəydi və Türkiyəni regiondam sıxışdırıb çıxarsaydı, ermənilər arasında reytinqi dəfələrlə artardı. Paşinyan isə seçkilərdə uduzar və bəlkə də çıxıb gedərdi. Amma Moskva bunu etmir. O, Paşinyanın Ermənistanını dəstəkləmədiyi kimi, Koçaryanın, Sarkisyanın, Manukyanın, Vanetsyanın da, Ermənistanını müdafiə etməzdi”, – deyə Ovannisyan bildirib.

“Rusiya kömək etmək istəmədiyinə görə yox, bacarmadığı üçün Ermənistana qarşı məsuliyyətsiz davranır. Bu ölkə Ukrayna ilə münaqişə bataqlığındadır. “Xüsusi əməliyyat” nəticə vermədi. Digər tərəfdən sanksiyalar da rusları boğur və inanıram ki, elitada oliqarxların narazı gurultusu eşidilir. Ona görə də, Moskva üçün ikinci cəbhə açmaq tam intihar olardı. İmperiya zəifləyib, o, artıq regionda dövlətlərin taleyinin tam hüquqlu hakimi deyil. Rusiyanı müdafiə etmək isə boş və mənasız bir işdir. Məgər o bizi qoruyur?”, – deyə erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*