“Hansısa məmur çay yatağını genişləndirib onun suyunu quruda bilməz, bu, ekoloji cinayətdir” – AÇIQLAMAbackend

“Hansısa məmur çay yatağını genişləndirib onun suyunu quruda bilməz, bu, ekoloji cinayətdir” - AÇIQLAMA

Son dövrlərdə bütün dünyada şirin su ehtiyatlarının azalması müşahidə olunur. Artıq bir neçə ildir ki, Azərbaycan da, belə bir təhlükə ilə qarşı-qarşıyadır. Kür və Araz kimi böyük çayların suyunun kəskin səviyyədə azalması ilə təhlükənin miqyası günbəgün artır. Lakin təəssüf ki, belə bir vaxtda bəzi məmurlar yenə də sadəcə öz mənafelərini düşünərək, çay yataqlarını genişləndirirlər. Bundan isə öz təsərrüfatyönlü məqsədləri üçün istifadə edirlər. Bəziləri hətta çay yataqlarında özü üçün xüsusi anbarlar da tikirlər. Çay yataqlarının genişləndirilməsi və istiqamətinin dəyişdirilməsi isə torpağın suyu özünə çəkməsinə və suyun səviyyəsinin azalmasına gətirib çıxarır. Bəs görəsən bunun qarşısı niyə alınmır? Ümumiyyətlə yerlərdəki məmurların bu cür özbaşınalıqları ilə necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhhərmov bildirib ki, sudan səmərəli istifadə ilə bağlı dövlət tərəfindən kompleks tədbirlər görülməlidir: “Təbii ki, çay yataqlarının özbaşına genişləndirilməsi qanuna uyğun deyil. Şirin su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı biz də öz təkliflərimizi irəli sürmüşük. Yağış sularından səmərəli istifadə vacib məsələdir. Həmçinin, çaylarda suyun bol olduğu vaxtda həmin suyun bir hissəsi qorunub saxlanılmalı və mövsümdə səmərəli istifadə edilməlidir. Əslində bu məsələ kompleks tədbirlər tələb edir”.

Vahid Məhərrəmli: "Bahalaşma kənd təsərrüfatına ciddi problemlər yaradacaq"

Ekspertin fikrincə, əgər hansısa məmur belə iş tutursa bu, ekoloji cinayət sayılır: “Yay aylarında biz su çatışmazlığından əziyyət çəkirik. Buna görə də çayların suyundan özbaşına və necə gəldi istifadə etmək yol verilməz haldır. Hansısa məmur təsərrüfatında  öz maraqları üçün çay yatağını genişləndirərək onun suyunu quruda bilməz. Belə hallar aşkar edilməli və bununla mübarizə aparılmalıdır. Əks halda monopoliya halları daha da artacaq və sonradan ciddi problemlərə səbəb olacaq. Cənubi Qafqazda ən az şirin su ehtiyatı olan ölkə Azərbaycandır. Öz su ehtiyatlarımızdan maksimum səmərəli istifadə etməliyik. Bu kimi hallar ictimailəşməli və dövlət tərəfindən nəzarətə götürülməlidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*