HƏRBİ EKSPERT: Muradov 10 ay əsəblərimizi tarıma çəkməklə məşğul oldubackend

HƏRBİ EKSPERT: Muradov 10 ay əsəblərimizi tarıma çəkməklə məşğul oldu

Müvəqqəti olaraq Azərbaycan ərazilərdə yerləşən Rusiya sülhməramlı kontingentinin komandiri general leytenant Rüstəm Muradov vəzifəsindən azad edilib. Əslində sülhməramlı kontingentin komandanlığı, bəzən isə bütün heyəti hər 6 aydan bir dəyişdirilməlidir, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla da bilər. Muradov da 6 ay əvəzinə 10 ay əsəblərimizi tarıma çəkməklə məşğul oldu. Gah seperatçı rejimin əski parçası altında poza verirdi, gah Araikin dodaqlarını yerindən çıxarırdı, gah da harda olduğunu və vəzifələrini unudurdu. Muradov azərbaycanlıların yaddaşında vəzifələrini tam yerinə yetirməyən, ona etibar etdiyimiz ərazilərdə erməni silahlılarına “dayılıq” edən birisi kimi qaldı. 

Hələ may ayında Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyi gözlənilirdi. Həmin dövrdə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın R. Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı. T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etsə də, Rüstəm Muradovun Bakının erməni terrorçularını verməməsinə və İrəvana əliboş qayıtmasına görə Paşinyan komandasını günahlandırması da yaxşı yadımızdadır.

Bu dəfə R.Muradovun dəyişdirilməsi labüddür. Artıq təhvil təslim prosesi başlayıb. Onu kimin əvəz edəcəyi açıqlanmır, amma daha əvvəl elan olunan namizəd, Rusiya Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin edilməsi mümkündür. İnanırıq ki, Avdeyev vəzifələrinin icrasına Muradov kimi səhlənkar yanaşmayacaq, üçtərəfli Birgə Bəyanatın şərtlərinin, o cümlədən müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən terrorçuların sözsüz və birmənalı şəkildə çıxarılmasını, həm də Ağdərədə saxlanılan əsgərimizin  qaytarılmasını təmin edəcək.

Hərbi ekspert Ədalət Verdiyev/ moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*