Qlobal miqyaslı tədbirlər Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib – ÖZƏLbackend

Qlobal miqyaslı tədbirlər Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib - ÖZƏL

“Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir”.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər Azərbaycanın dünya birliyinə sürətlə inteqrasiya etdiyini, beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verdiyini bir daha sübuta yetirir. Bəli bu gün Azərbaycan istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə çoxtərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub. Daim dəyişən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli isə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən çoxşaxəli formada davam etdirilir. Azərbaycan ilk növbədə qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirir. Həmçinin dünyanın ən müxtəlif bölgələrində yerləşən ölkələrlə də ikitərəfli münasibətlərinin inkişafına mühüm diqqət ayırır.

Azərbaycanın qlobal əməkdaşlıq məkanına inteqrasiyasının ən bariz göstəricilərindən biri də regional və dünya əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirak etməsidir. Zaman-zaman ölkə başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunda, İslam Əməkdaşlıq Təşkilatının Sammitlərində, NATO-nun Zirvə toplantılarında, MDB-nin iclaslarında və digər nüfuzlu tədbirlərdə iştirakı Azərbaycanın beynəlxalq arenadakı nüfuzundan xəbər verir. Bu səfərlər əlaqələrimizin ikitərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bu proses daha da sürətlənib. Artıq Azərbaycan regionun ən aparıcı və lider dövləti olmaqla yanaşı, həm də dünyada söz sahibinə çevrilməyi bacarıb.

Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zərurətə çevirir. Eyni zamanda müstəqil Azərbaycan dövlətinin liderinin beynəlxalq aləmdə etiraf olunan nüfuzu XXI əsrdə də ən başlıca inteqrasiya resursu olaraq qalmağa davam edir. Prezident İlham Əliyevin sözləri yeni minillikdə suveren dövlətin inteqrasiya siyasətində çox gözəl əksini tapıb: “Müstəqillik yalnız dövlətin atributlarında, rəmzlərdə ifadə olunmur. Müstəqillik hər şeydən əvvəl dövlətin, xalqın maraq və mənafeyinə uyğun müstəqil siyasəti həyata keçirmək deməkdir”.

Regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa ilə də sıx əməkdaşlıq edir. Öz coğrafi mövqeyinə, tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın strateji partnyorudur. Eyni zamanda müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan kimi, Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin, qlobal təhlükəsizliyinin təşkili üçün Azərbaycan Avropaya lazımdır. Qarşılıqlı inteqrasiyanın bərabərhüquqlu subyektləri kimi çıxış etmək bu prosesin nüfuzunu daha da artırır. Azərbaycan vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində Avropa standartlarına doğru hər gün daha da inamla addımlayır. Lakin bununla yanaşı öz siyasətini də yalnız özü müəyyənləşdirir. Bir sözlə, XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca meyilləri aşkar təzahür edir. Azərbaycan siyasi, iqtisadi, mədəni özünütəsdiq mərhələsini yeni əməkdaşlıq formalarının yaradılması ilə uğurlu şəkildə tamamlayır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*