Heydər Əliyev prospektini bağlayanlar, onları buna vadar edənlər barədə ACI HƏQİQƏTLƏRbackend

Heydər Əliyev prospektini bağlayanlar, onları buna vadar edənlər barədə ACI HƏQİQƏTLƏR

Ötən gün “Bəxt üzüyü” komediyasındakı Söylü demiş “əvvəli gülməli, axırı ağlamalı”  bir hadisə baş verdi. “R Group Azerbaijan” MMC- nin sürücüləri  AYNA-nın sədri Anar Rzayevə və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevə etiraz əlaməti olaraq qısa müddətə Heydər Əliyev prospektini bağladılar. Normal cəmiyyət üçün normal etiraz tədbiri idi…

Ona görə də gələk məsələnin gülməli tərəfinə. Mən TIR-ların şəkillərinə baxıb xeyli güldüm. Kişilər əməlli başlı novator imişlər. Bir dünya xərc çəkib TIR-ların üzərini yuxarıda qeyd etdiyim məmurların adlarıyla bəzəmişdilər. Gülməli olsa da, kreativ məhsul idi.

Amma gülməyim çox çəkmədi. Ürəyimdə dedim ki, “ay yazıqlar, siz də belə getdiniz”. Çünki zaman-zaman anoloji hadisələrin sonluğu yaxşı olmayıb. Və bu dəfə də belə oldu. Günün sonunda həmin sürücülər və şirkət rəhbəri efirə “çıxıb” yaratdıqları tıxaca görə xalqdan üzr istədilər.

Hadisələrin inkişaf xronologiyasına keçməmişdən qabaq deyim ki, bu etiraz addımı heç bir ictimai təhlükə yaratmayan, heç bir siyasi məqsəd daşımayan və sırf biznes maraqlarından qaynaqlanan bir hadisə idi. Yəni 4 sürücü və onların təmsil olunduqları şirkətin nə Nazirliyə, nə hökümətə, nə də ki, ölkə rəhbərliyinə qarşı hansısa iradı və yaxud narazılığı yoxdur. Həmin şirkət məhz ölkə rəhbərliyinin apardığı uğurlu siyasət və sahibkarlara göstərdiyi böyük qayğı hesabına bu səviyyəyə gəlib çatıb ki, irimiqyaslı beynəlxalq daşımalar həyata keçirir.

Onların iradı Azərbaycanın məmur ordusunda bəlkə də ilk 1000-likdə yeri olmayan hansısa qurum rəhbərinə qarşı idi. Bu da bizim hər gün eşitdiyimiz və gördüyümüz məmur özbaşınalığının növbəti təzahürü idi.

Amma sonra nə oldu? Bax, burda Kərəmi ağlamaq tutur. Deməli, hadisədən həmən sonra xəbər yayıldı ki, “Nazir Rəşad Nəbiyev AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırılıb”. Sevincək dedim ki, “Afərin. Doğru qərardır. Çünki cənab Prezident bütün çıxışlarında sahibkarların yanında olduğunu deyir. İqtisadi kursun mayası sahibkarlığın inkişafından yoğrulub. Bu gün sahibkarı incidən xalqı incidir, hökümətin prinsiplərinə zidd gedir”.

Amma sevincim uzun sürmədi. AYNA-nın sədri Anar Rzayev çıxıb şəstlə bəyan etdi ki, “mən heç bir xəbərdarlıq almamışam. Malik Əliyev də işdən çıxarılmayıb”.

Bundan sonra Anar Rzayev İTV-nin efirinə çıxıb (normalda qarşı tərəf də o verilişdə iştirak etməliydi) dedi ki, “Bildiyim qədər bu daşıyıcının 30-a yaxın avtomobili var. Kiçik bir daşıyıcının payını 150-200 maşını olan böyük daşıyıcının payından çox etmək ədalətli olmaz. Daha çox pay istəyir, amma biz bu payı ona vermək üçün digər daşıyıcıların payından götürməliyik. Bu halda ədalətli bölgü pozulur, bu isə digər daşıyıcıların ciddi narazılığına səbəb ola bilər”.

Xahiş edirəm sitata diqqət edin. Tipik bazar adamının danışığıdır. Hökumətin qəbul etdiyi qərarlara və beynəlxalq daşımaları tənzimləyən qaydalara istinad etmək əvəzinə Anar müəllim “sadə” dillə danışır – “pay”, “ədalətli bölgü”, filan…

Sitatı oxuyanda dedim ki, “ay dadi-bidad, bu Anar müəllim 100 faiz kommersantdır. Ona görə də dövlət qurumunun təmsilçisi kimi deyil, bazar adamı kimi danışır. Marağa durub Anar müəllimin keçmişini araşdırdım. Zənnim məni yenə aldatmamışdı. Anar Rzayev 49 illik həyat yolunun ən azı yarısını biznes sahəsində keçirib. Özü də Xəzər Universitetinin hüquq və siyasi elmlər fakültəsinin məzunudur. Yəni bu adamın nəqliyyat sektoruna heç bir aidiyyatı yoxdur.

Və belə təsadüfi adamlara etimad edilməsi də sonda ictimai narazılıq yaradır. Çox təəssüf.

Hadisələrin xronologiyasına baxanda məlum olur ki, dünən Nərimanov rayon Polis İdarəsində hər 4 sürücü barədə cinayət işi açılıb. Günün sonunda başqa bir xəbər yayıldı ki,  “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar” girib. Lakin sonradan DİN tərəfindən bu məlumat təkzib olundu.

Bəs onda xırda bir etiraz addımı nəyə görə bu qədər hay-küyə səbəb oldu?

Bu sualın tək cavabı budur: Məmur özbaşınalığı.

Bu Rəmiş Cəfərovu ay toba, heç tanımıram. Amma yüz faiz bilirəm ki, bu adam erməni deyil, azərbaycanlıdır. Anar müəllimin dediyindən də aydın olur ki, bu adamın 30-dan artıq TIR-ı var. Və burdan da aydın olur ki, bu adam ən azı 100 azərbaycanlını başına yığıb işləyir. 100 adamsa 100 ailə və ən azı 400-500 vətəndaş deməkdir. Bu da Cəfərovun xalq və dövlət qarşısında xidməti.

Bəs Anar Rzayev neçə adama sahib çıxıb, onlara çörək verib?! Bilmirəm. Bildiyimsə odur ki, canı boğazına yığılan hansısa sahibkar son ümid kimi məsələni ictimailəşdirmək qərarına gəlib. Bu da təkcə AYNA-nın deyil, digər qurumların da “çestinə” dəyib.

Burda nə var ki…  Demirik ki, hüquqi-demokratik dövlətdə yaşayırıq?! Bəli. Demokratik dövlətlərdə də belə etiraz addımları normal qarşılanır. Deyirik ki, Avropaya inteqrasiya edirik. Ay qardaş, inteqrasiya etdiyimiz Avropada nəyəsə etiraz edən adamlar nəinki yolu bağlayır, yeri gələndə arvadlı-kişili lüt anabülbül soyunub küçələrdə yürüş keçirir. Və buna görə heç kimə nəinki cinayət işi açılmır, heç inzibati tənbeh də tətbiq olunmur.

Demokratik ölkədə hər kəsin söz azadlığı var. Bu adamlar da Azərbaycanın Ana Qanununun (Konstitusiya) verdiyi imtiyazlardan istifadə ediblər. Ola bilsin ki, nəyisə düz eləməyiblər. Buna görə insanlara cinayətkar damğası vurmaq olmaz. Bu həm ölkəmizin beynəlxalq nüfuzunə xələl gətirir, həm də ki, ölkə başçısının müəyyən etdiyi və uğurla həyata keçirdiyi iqtisadi siyasətə zidd addımdır.

Yaxşı olardı ki, Anar Rzayevi və şikayətçi şirkətin nümayəndəsini hansısa teledebata dəvət ediləydi. 10 milyon xalqın qarşısında bilinərdi ki, kim haqlıdır, kim haqsız. Bununla da problem öz həllini tapardı. Günahkar da cəzalandırılardı. İndiki məqamda isə günahkarın dəqiq kim olduğunu demək çox çətindir. Amma çox böyük ehtimal var ki, günahkar AYNA-dır. Çünki  böyük bir şirkət quran hansısa sahibkar yəqin ki, Azərbaycan reallıqlarını çox yaxşı bilir. Bilməsə idi, biznesini bu səviyyəyə yüksəltməzdi.

Burda tək problem məmur özbaşnalığıdır. Və tarix boyu sapı özümüzdən olan baltalardan çox zərbələr almışıq. Vaxtilə Ramiz Mehdiyevi, Eldar Mahmudovu, Səlim Müslümovu, Nəcməddin Sadıkovu, Əbülfəz Qarayevi və başqalarını da bu gün Anar Rzayevi müdafiə etdiyimiz kimi müdafiə etmişik. Nəinki onları, hətta onların ailə üzvlərini görəndə dayanıb yol vermişik ki, “bu filankəsin bəhmənkəsidir”. Amma sonda məlum olub ki, bu adamlar ancaq xalqın qanını sorub, korporativ maraqlarına xidmət ediblər.

Elə isə kim təminat verə bilər ki, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və bəzi mətbuat nümayəndələrinin müdafiə etdiyi Anar Rzayev də yuxarıda adlarını çəkdiyim və çəkmədiyim onlarla qudurğan məmurların aqibətini yaşamayacaq.

Ona görə də gəlin ədalət hissini itirməyək. Dövlətin adından danışmaq səlahiyyəti təkcə Prezidentə məxsusdur. Hansısa xırda məmur nə dövlətdir, nə də ki dövlətin adından danışmaq səlahiyyətinə malik şəxs. Nə yazıq ki, bəzi hallarda hansısa məmura deyilən iradı dövlətə üsyan səviyyəsinə qədər yüksəldirik. Bu isə yaxsı hal deyil. Ən pisi də odur ki, gələcəyimizə və uşaqlarımıza yaxşı “miras” qoymuruq…

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*