“Hicab qadağası” iddialarının havada uçuşması fonunda bir sualın cavabı reallığı göz önünə sərir: Azərbaycanda hicaba qadağa varmı?
Məktəblərdə geyim qaydalarının tətbiq edilməsi Azərbaycanda hicab qadağası demək deyil. Bunu o halda demək mümkün olardı ki, başörtülü xanımlara ictimai yerlərdə belə məhdudiyyətlər tətbiq edilərdi. Nə keçmişdə belə bir məhdudiyyət olub, nə də bu gün var. Dini etiqad azadlığının qorunduğu Azərbaycanda gələcəkdə də belə bir məhudiyyət olmayacaq. Hər kəs öz seçinində, etiqadında azaddır və bu, birbaşa Konstitusiya ilə təmin edilir. Amma və lakin…
Dini etiqad azadlığı təmin edildiyi kimi, dünyəvi təhsil sisteminin qorunması da tələb olunur. Hər şey Konstitusiyada təsbit olunub: 7-ci maddədə qeyd olunur ki, Azərbaycan dünyəvi respublikadır,
18-ci maddədə bildirilir ki, din dövlətdən ayrıdır və təhsil sistemi dünyəvi xarakter daşıyır;
Etiqad azadlığının sərhədi məktəbdə məhdudlaşmalıdır. Bu zərurəti həm dünyəvi təhsil sistemi yaradır, həm konstitusiyanın tələbi, həm də mövcud reallıqlar.
Birincisi, yetkinlik yaşına çatmayan qız uşaqlarının hicab taxması seçim azadlığını məhdudlaşdırır. Həm qanun, həm dinmiz seçimin azad iradə ilə edilməsini tələb edir. Müqəddəs Qurani-Kərimin əsas çağırışlarından biri də dində məcburiyyətin olmamasıdır. Bu kontekstdə məktəb yaşlı qızların hicab taxmasının şəxsi yox, ailə və mühitin təsiri ilə baş verdiyi, bir çox hallarda məcburi xarakter daşıdığı faktı təkzib oluna bilməz. Təbii ki, valideynlərin dini tərbiyə vermək hüququ var, amma bu, dünyəvilik prinsipinə, uşaqların təhsil hüququna, eləcə də Konstitsiyanın tələblərinə zidd olmamalıdır. Ziddiyyət ortaya çıxdıqda dövlət uşaqların hüququnu qorumaq öhdəliyini icra edir.
İkincisi, baş örtüyündən istifadə məktəblərdə vahid geyim formasını pozur. Vahid geyimin tətbiqi məktəblilərin sosial status, maddi imkanlar, eləcə də ailənin dini baxışlarından asılı olmayaraq, özlərini bərabər hiss etməsinə xidmət edir. Formanın hansı yolla olursa olsun, pozulması məktəbdə bərabərlik mühitinə uyğun deyil.
Üçüncüsü, dini atributlardan istifadə uşaqların dünyagörüşünün formalaşmasına müdaxilədir.
Məktəb təkcə təhsilin verildiyi yox, həm də dünyagörüşün formalaşdığı, sosiallaşmanın olduğu məkandır. Məktəbli qızların dini geyimlərdən istifadəsi ilk növbədə özlərinin azad dünyagörüşünün formalaşmasına və sosiallaşmasına mənfi təsir edir, eyni zamanda, dünyəvi təhsilin təmin edilməsində problemlər yaradır. Çünki baş örtüyü uşağın dini kimliyinin göstəricidir və bu, onu digər şagirdlərdən fərqləndirir, dünyəvi sistemdən kənar qrupun nümayəndəsinə çevirir.
Dördüncüsü, bu vəziyyət radikallaşmaya və ictimai-sosial qütbləşməyə yol aça bilər.
Məsələnin psixoloji tərəflərinə baxdıqda, belə risklərin olduğu aydın görünür. Çünki baş örtüyündən istifadə edən şagirdlər digərlərindən fərqlənir və bir çox hallarda bu, onların kənarda qalmasına səbəb olur, sosiallaşmasında problemlər yaradır. Bu, həm də cəmiyyətdə ictimai-sosial qütbləşmənin məktəbdən başlanmasına şərait yaradan vəziyyətdir.
Beşincisi, məktəblərin xarici müdaxilələr üçün müdafiəsiz vəziyyətdə qalması riskləri var.
Xarici dini-ideoloji mərkəzlərin Azərbaycana müdaxilə cəhdləri sirr deyil. Məktəbdə geyim qaydalarının “hicab qadağası” kimi təqdim edilməsi və genişçaplı kampaniyanın aparılması bunu bir daha təsdiqlədi. Bu dairələrin məqsədi öz ideologiyalarını məktəblərə daxil etmək, gələcək nəsillərin dünyagörüşünə müdaxilə etməkdir. Burada məktəbli uşaqlar yox, onları dini atributlardan istifadəyə məcbur, yaxud sövq edən valideynlər məsuliyyət daşıyır.
Mövcud reallıqlar məktəbdə geyim qaydalarının nə qədər əhəmiyyətli olduğunu deməyə əsas verir. Və məsələni nəzarətə götürən dövlətin məqsədi dini məhdudiyyətlər yaratmaq yox, mümkün təhlükələri aradan qaldırmaqdır.
– Uşaqların azad seçim hüququnu qoruyur;
– Dünyəvi təhsil sisteminin tətbiqini həyata keçirir;
– Məktəblərdə ayrı-seçkiliyin olmasını aradan qaldırır;
– Xarici mərkəzlərin müdaxilə cəhdlərinin qarşısını alır.
Və ən mühümü azad seçim edə bilən, sağlam düşüncəyə sahib gələcək nəslin yetişməsinə şərait yaradır.
Bütün bunların fonunda məktəblərdə vahid geyim formasının tətbiqini “hicab qadağası” kimi göstərmək yumşaq desək yanlışdır, eyni zamanda, məsələnin kontekstdən çıxarılmasında, ictimai rəyin manipulyasiya edilməsində xarici dairələrin rolu aydın görünür.
“Azərbaycada hicab qadağan edilib” iddiaları ölkədə din-dövlət münasibətləri, tolerantlıq mühiti, eləcə də İslam dininə yüksək qiymət fonunda olduqca absurddur.
Bu gün Azərbaycanda 2500-ə yaxın məscid mövcuddur, halbuki, sovet dövründə cəmi 17 idi. Son dövrlər birbaşa Prezident İlham Əliyevin göstərişi ilə Gəncə İmamzadə Kompleksi, Əjdərbəy, Təzəpir, Bibiheybət məscidləri əsaslı təmir olunub. Cənubi Qafqazın ən böyük ibadət məkanlarından olan Heydər Məscidinin inşa edilməsi və burada vəhdət namazlarının qılınması Azərbaycanda İslam dininin dövlət səviyyəsində qorunmasının ən bariz nümunələrindəndir. Ölkədə 874 pir və ziyarətgah var. Dövlət qeydiyyatına alınmış 994 dini qurumdan 956-sı İslam təmayüllüdür. Torpaqlarımızın azad edilməsi ilə 67 məscidin düşmən tapdağından qurtarılması və yenidən ibadətə açılması istiqamətində əsaslı işlərin aparılması isə Azərbaycanın İslam dini qarşısında tarixi xidmətlərindəndir. Bu xidmətlər qarşısında məktəbdə geyim qaydasının yanlış formada təqdim edilməsi və “hicab qadağası” iddiaları art niyyətin məhsuludur.\\publika.az
