İmişli rayonunun Mirili kəndində maraqlı və bir o qədər də qeyri-adi hadisə yaşanıb. Kənd sakini Telman Yusibov sosial şəbəkələrdə yaydığı video-müraciətdə tapdığı nadir daşları satışa çıxardığını elan edib. Sakinin iddiasına görə, ərazidən topladığı bu daşlar adi süxur deyil, kosmik mənşəli meteorit parçalarıdır.
O, tapıntısının həqiqiliyini yoxlamaq üçün müasir texnologiyadan istifadə etdiyini, daşın fotosunu “Google” üzərindən axtarışa verdiyini və nəticədə onun meteorit olduğunun təsdiqləndiyini bildirib. Yusibov bu “qiymətli” tapıntısı üçün fantastik məbləğ – cəmi 2 qram çəkisi olan daş üçün 2 milyon dollar tələb edir.
KONKRET.az xəbər verir ki, kənd sakini maddi imkansızlıq ucbatından daşı rəsmi laboratoriya müayinəsindən keçirə bilmədiyini, lakin onun orijinallığına tam əmin olduğunu vurğulayıb. O qeyd edib ki, əlindəki nümunələr nadir tapıntılardır və bu səbəbdən yüksək qiymətə layiqdir. Hazırda bu iddia sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə və marağa səbəb olub. Mütəxəssislər isə adətən bu növ tapıntıların yalnız xüsusi mineraloji analizlərdən sonra dəqiq təsdiqlənə biləcəyini xatırladırlar.
Natiq Səlim,
KONKRET.az
