Millət vəkili Qənirə Paşayevanın “məktəbə yaxın ərazilərdə siqaretlərin satışı qadağan edilsin” fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bir çox insanlar bu qadağaların tətbiqinin heç bir nəticəyə varmayacağını dilə gətirərək problemin köklü həllinin tərəfdarı olduğunu qeyd ediblər. Lakin əks mövqe sərgiləyənlərin sayı da kifayət qədər olub. Bəs görəsən, məktəbə yaxın ərazilərdə siqaret satışının qadağan olunması şagirdlərin pis vərdişlərə qurşanmasının qarşısını ala bilərmi? Bu, nə dərəcədə düzgün addım olar ?
Mövzunu KONKRET.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, burada söhbət təkcə Qənirə Paşayevanın açıqlamasından getmir. Amma hansısa yerlərdə nələrinsə satışının qadağan olunması və ya məhdudiyyət tətbiq edilməsi metodları 30-40 ildir ki, köhnəlib: “İndiki cəmiyyətdə kiməsə qadağa qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Yəni “məktəblərin yanında siqarət satılmasın” fikiri sadəcə olaraq gəlişi gözəl sözdür. Bunun heç bir nəticəsi olmayacaq. Çünki siqaret çəkmək niyyəti olan şagird bir küçə o tərəfdə yerləşən mağazadan istədiyini gedib alacaq. Bütün şəhərdə siqaret satışına qadağa qoyulmayıb ki? Ona görə də, sözügedən fikirlər absurddur. İndiki dövrdə sosial idarəetmə nəyisə qazanmaq üçün beyin və düşüncəni dəyişməyin lazım olduğunu təlqin edir. Yəni şagirdləri elə hazırlamağa çalışmalıyıq ki, onlarda siqaretə qarşı neqativ münasibət formalaşsın. İndiki dövrün sosial tələbləri elədir ki, biz qadağalar qoymaqla yox, obyektin özünün potensialını oyatmaqla nəticəyə vara bilərik. Bunun üçünsə, elmi metodlara ehtiyac duyulur”.
![]()
Əhməd Qəşəmoğlunun sözlərinə görə, indiki dövrdə sosial statusu, vəzifəsi olan şəxslər nələrisə dilə gətirərkən bunun nəticəsinin olacağını düşünürlər: “Amma hər ötən gün mürəkkəbləşən cəmiyyətdə heç bir problemi elmi təminatsız həll etmək mümkün deyil. Fəhmlə deyilən sözlər artıq köhnəlib. Əgər şagirdlərin siqaret çəkməməsini istəyiriksə, bu zaman orta məktəblərdə siqaretlə bağlı fəaliyyət proqramı yaratmalıyıq. Yəni bu istiqamətdə orta məktəblərdə təlimatlar əsasında işlər görülməlidir. Həmin təlimatlar əsasında şagirdlərin siqaretə qarşı neqativ münasibətləri formalaşdırılmalıdır. Bir sözlə, şagirdləri inandırmaq yolunda iş görmək lazımdır. Təbii ki, bu, xeyli vaxt tələb edən məsələdir. Amma mürəkkəbləşən cəmiyyətin istəyi budur. İndiki dövrdə nəyəsə qadağa qoymaqla problemi həll etmək olmaz”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
