Lev Tolstoy həqiqət haqqında maraqlı bir hekayə danışır:
Bir adam var idi. O, bütün ömrünü həqiqəti axtarmağa sərf etmişdi. Minlərlə kitab oxumuş, dövrünün ən müdrik insanları ilə mübahisələr aparmış, şəhərlər və monastırlar arasında ömrünü yollarda keçirmişdi. Hər dəfə həqiqətə yaxınlaşdığını düşündükdə isə əlində qalan yeganə şey növbəti otağa açılan yeni bir qapı olurdu.
İllər keçdi, saçlarına dən düşdü. Ölümün nəfəsini hiss etdiyi bir gecə yuxusunda əvvəllər heç vaxt görmədiyi nəhəng, möhtəşəm bir qapı gördü.
Əlləri əsə-əsə qapının arxasında duran keşikçidən soruşdu:
— Bu, həqiqətin qapısıdır?
Keşikçi başı ilə təsdiqlədi:
— Bəli, elə budur.
Adamın ürəyi sıxıldı və gileylə dedi:
— Bəs nə üçün ömrüm boyu bu qapını heç vaxt görmədim?
Keşikçi onun gözlərinin içinə baxaraq cavab verdi:
— Çünki sən onu hər yerdə axtardın… Dayandığın yerdən başqa.
Ardınca qapı böyük bir gurultu ilə açıldı. Adam içəri boylananda nə möhtəşəm bir kitabxana gördü, nə kainatın sirlərini, nə də mələkləri…
İçəridə yalnız öz həyatı var idi. Özündən qaçdığı o qorxaq anlar, mənanı uzaqlarda axtararkən əslində yaşadığı ən sadə, ən adi hadisələrin içində gizlənmiş, diqqətindən yayınan möcüzələr… Hamısı orada idi.
O, içəriyə addım atmaq istəyərkən yuxudan oyandı.
Və bu, onun yer üzündəki son gecəsi idi.
Tərcümə etdi: Rəsmiyyə Şərifova
