Son zamanlarda müxtəlif müəssisələrdə kütləvi ixtisarların aparılması işsiz qalan vətəndaşların gələcəyi ilə bağlı narahatlıqları artırır. İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, yeni iş yerlərinin yaradılması istiqamətində layihələr həyata keçirilir və ixtisar olunan şəxslərin də bu imkanlardan yararlanması nəzərdə tutulur.
Məlumata görə, 2026-cı ilin ilk yarısında Azərbaycanda 52,3 min yeni iş yeri yaradılıb.
Bağlanan iş yerlərinin yerini yeni yaradılan vakansiyalar nə dərəcədə doldura biləcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib ki, məşğulluğun təmin edilməsi Azərbaycanda həm iqtisadi, həm də sosial siyasətin əsas istiqamətlərindən biridir:
“Qarşıya qoyulan əsas məqsədlərdən biri xüsusilə özəl sektorda yeni iş yerlərinin sayının artırılması və məşğulluqda bu sektorun payının yüksəldilməsidir. Çünki özəl sektorun məşğulluqdakı payının artması daha dayanıqlı məşğulluq siyasətinin formalaşmasına imkan yaradır. Son iki ildə özəl sektorun məşğulluqdakı payında artım müşahidə olunur. Hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı 1 milyon 787 min nəfərdir. Onlardan 844 mini dövlət, təxminən 942 mini isə özəl sektorda çalışır. Bu göstəricilər məşğulluqda özəl sektorun payının dövlət sektorundan daha yüksək olduğunu göstərir”.
Deputat bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən subsidiyaların verilməsi, eləcə də aşağı faizli kredit imkanlarının artırılması da özəl sektorun məşğulluqdakı payının yüksəldilməsinə xidmət edir:
“Ümumilikdə, hökumətin özəl sektorda məşğulluğun artırılması ilə bağlı siyasətinin davam etdirilməsi xüsusilə iqtisadiyyat üzrə kadrların bu sahədə işlə təmin olunmasına əlavə imkanlar yaradacaq. Nəticə etibarilə işsizlik minimum həddə çatdırılacaq”.
