ABŞ və İran arasında davam edən genişmiqyaslı nüvə və atəşkəs danışıqlarının fonunda regionda daha bir gərginlik ocağı alovlanıb. Rəsmi Tehran İraqın şimalına — Kürd Regional Rəhbərliyinin nəzarətində olan ərazilərə hərbi zərbələr endirib.
KONKRET.az xəbər verir ki, İran dövlət mediasının yaydığı rəsmi məlumata görə, İraq Kürdüstanının paytaxtı Ərbil şəhərində İran hökumətinə qarşı döyüşən bəzi kürd silahlı qruplaşmalarının düşərgələri hədəf alınıb. İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) silahlıların mövqelərinə kütləvi zərbələr endirib.
Yerli mənbələrin bildirdiyinə görə, əsas hava hücumları Ərbil yaxınlığında yerləşən və kürd qruplaşmalarının əsas qərargahlarından biri hesab olunan “Dərşəkran” (Darshakran) düşərgəsində qeydə alınıb. Hücum nəticəsində düşərgə ərazisində güclü partlayışlar baş verib, silah-sursat anbarlarına və hərbi infrastruktura ciddi ziyan dəyib. Ölənlərin və yaralananların olduğu bildirilsə də, dəqiq rəqəmlər hələlik açıqlanmır.
Qeyd edək ki, son dövrlər İraqın şimalında — xüsusilə Süleymaniyə və Ərbil vilayətlərində yerləşən müxalif kürd partiyalarının və silahlı birləşmələrinin qərargahları mütəmadi olaraq İran ordusunun raket və PUA zərbələrinə məruz qalır. Tehran rəsmi Bağdadı və Ərbil rəhbərliyini İraq ərazisindən İrana qarşı terror fəaliyyətlərinin idarə olunmasında və daxili sabitliyi pozmaq cəhdlərində ittiham edir.//nocomment.az
