ARXİVDƏN: Fransız diplomatın 20 illik sevgi macərası – qadın bildiyi şəxs əslində kişi imişbackend

ARXİVDƏN: Fransız diplomatın 20 illik sevgi macərası – qadın bildiyi şəxs əslində kişi imiş

Bu hekayə çox təəccübləndiricidir. Açığı, burada baş verənlərin nə qədərinin sevgi, nə qədərinin kəşfiyyat oyunu, nə qədərinin isə ustalıqla qurulmuş bir aldatma olduğunu anlamaq çətindir.

1964-cü ildə gənc fransız diplomat Bernar Bursiko Pekində, Fransa səfirliyində keçirilən qəbul zamanı çinli aktrisa Şi Paypu ilə tanış olur. İlk baxışdan qeyri-adi heç nə yox idi. Bir məqam istisna olmaqla: aktrisa kişi kostyumu geyinmişdi. O, bunu oğlan övladı arzulayan atasının tələbi ilə belə geyinməyə məcbur olması ilə izah etmişdi.

Bursiko ona aşiq olur. Şi Paypu da fransız diplomatın hisslərinə qarşılıq verir və aralarında romantik münasibət başlayır.

Bir müddət sonra Şi Paypu hamilə olduğunu bildirir. Daha sonra doğuş üçün gedir və Çində başlayan Mədəni İnqilabın yaratdığı qarışıqlıq səbəbindən uşağı ucqar bir yerdə gizlətdiyini deyir. Bursiko yalnız dörd il sonra oğlunu ilk dəfə görə bilir.

Diplomat bir müddət sonra xidmət yerini dəyişir. Onun Şi Paypu ilə münasibətləri əvvəlki qədər intensiv olmasa da, əlaqələri davam edir. Lakin bu müddət ərzində Çin xüsusi xidmət orqanları fransız diplomatı nəzarətdə saxlayır. İddialara görə, arvadı və uşağının təhlükəsizliyini qorumaq üçün Bursiko məxfi diplomatik sənədləri onlara ötürməyə məcbur olur.

Təqaüdə çıxdıqdan sonra Bursiko yalnız 1982-ci ildə həyat yoldaşı və 14 yaşlı oğlu üçün Fransaya gəlmək vizası ala bilir. Lakin bu addım Fransa əks-kəşfiyyatının diqqətini cəlb edir. Araşdırma başlanır və nəticədə Bursiko ilə Şi Paypu həbs edilirlər.

İstintaq zamanı isə inanılmaz bir həqiqət üzə çıxır: Bursikonun illərlə qadın bildiyi Şi Paypu əslində kişi imiş. Üstəlik, onun cinsiyyətinin dəyişdirilməsi ilə bağlı heç bir cərrahi müdaxilə də olmayıb.

Uşağın da Şi Paypu ilə bioloji əlaqəsi yox idi. İddialara görə, oğlan uyğur əsilli idi və başqa bir şəxsdən, həkim vasitəsilə əldə edilmişdi.

Həqiqəti öyrənən Bursiko ağır psixoloji sarsıntı keçirir və intihara cəhd edir. Lakin onu xilas etmək mümkün olur.

Şi Paypu isə baş verənlərə özünəməxsus izah verir. O bildirir ki, cinsiyyətini Bursikodan qəsdən gizlətməyib. Sadəcə, diplomat ona bu barədə heç vaxt sual verməyib, o da həqiqəti açıqlamağa ehtiyac duymayıb.

1987-ci ildə Şi Paypu Fransa Prezidenti Fransua Mitteranın şəxsi qərarı ilə azadlığa buraxılır. Bu qərarın arxasında işin qeyri-adiliyi və ictimai rezonansı ilə bağlı mülahizələrin dayandığı bildirilirdi. Hadisə o qədər böyük maraq doğurmuşdu ki, sonradan Avropada bu əhvalat əsasında film də çəkildi. Şi Paypu 2009-cu ildə Parisdə vəfat etdi.

Şəxsən bu hekayədə çoxlu qəribə və anlaşılmaz məqamlar var. Bir insanın illərlə sevdiyi şəxsin kimliyini müəyyən edə bilməməsi, ata olduğunu düşündüyü uşağın əslində ona aid olmaması, bütün bunların arxasında isə mümkün kəşfiyyat əməliyyatının dayanması…

Ən maraqlısı budur ki, burada sevgi ilə aldatma, şəxsi münasibətlərlə casusluq, həqiqətlə qurama arasındakı sərhəd tamamilə itib. Bursiko həqiqətən aşiq olmuşdumu, yoxsa böyük bir kəşfiyyat oyununun qurbanına çevrilmişdi? Bəlkə də bu hekayənin ən müəmmalı tərəfi elə budur.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*