İranlılar ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünü qeyd edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Cümə günü 900 şəhərdə, o cümlədən Tehranda nümayişçilər ABŞ-ın keçmiş səfirliyi qarşısında toplaşaraq mitinqlər keçiriblər.
İranlılar ölkənin Qlobal Təkəbbürlə Mübarizə Milli Günü hesab edilən ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünü qeyd ediblər.
Məlumata görə, nümayişçilər şüarlar səsləndirib, ABŞ və İsrail əleyhinə düşmənçilik siyasətini kəskin şəkildə pisləyən plakatlar tutublar. Nümayişləri 3500-ə yaxın iranlı və xarici jurnalist işıqlandırıb.
Nümayişçilər həmçinin “Çağırışına cavab verirəm, ey Xamenei”, “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirərək, İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneiyə güclü dəstəklərini bəyan ediblər.
Bir qrup qadın əllərində “Hicab hökumətin deyil, Allahın qüdrətidir” yazılı lövhələr tutublar. Nümayişçilər ABŞ və İsrail bayraqlarını da yandırıblar.
Xuraman Etibarlı,
KONKRET.az
